Читать онлайн «Yay səhəri»

Автор Аббас Сиххат

Abbas Səhhət

Yay səhəri

“Səhhət olduqca həssas, şən və kövrək qəlbə malik bir şair idi. Ən kiçik, şən bir hadisə onda böyük bir sevinc doğurduğu kimi, ən əhəmiyyətsiz, həzin bir lövhə və hadisə də onda acı düşüncə, kədər və ruh sıxıntısına səbəb olurdu. Mühüm bir faciə isə onun bütün varlığını sarsıda bilirdi”,

– Abdulla Şaiq, şair-dramaturq

“Bu müdhiş, bu qorxunc vəlvəleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətgahi-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm də mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfuli-əbədisindən hənuz Qafqasiya türklərinin xəbəri yoxdur”,

– Məhəmməd Hadi, şair

ÖN SÖZ

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Abbas Səhhət şair, nasir, dramaturq, tərcüməçi, maarif xadimi kimi tanınmışdır. Azərbaycan uşaq ədəbiyyatının inkişafı, maarifçi ideyaların formalaşmasında Abbas Səhhətin rolu böyükdür.

Mehdizadə Abbasqulu Əlabbas oğlu (Abbas Səhhət) 1874-cü ildə Şamaxı şəhərində ruhani ailəsində anadan olmuşdur. Şairin atası ədəbiyyatla maraqlanmış, Ətşan (Susuz) təxəllüsü ilə şeirlər yazmışdır. Atası Əlabbas kişinin, anası Seyid Ruqiyyənin ədəbiyyata, şeirə olan maraqları Abbas Səhhətin də formalaşmasına təsir göstərmişdir. İlk təhsilini mollaxanada alaraq ərəb, fars dillərini mükəmməl öyrənmiş, Şərq ədəbiyyatını mənimsəmişdir. Sonra Məşəddə ruhani, Tehranda isə tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıtdıqdan sonra xalqın böyük sevgisini qazanaraq “həkim Abbasqulu” adı ilə tanınmış və sənəti ilə əlaqədar olaraq “Səhhət” təxəllüsünü seçmişdir. Həmin dövrdə M. Ə. Sabir, A. Naseh, M. Tərrah kimi şairlərlə yaxından tanışlıq, Şamaxı şairlərinin bir araya gələrək məclis təşkil etmələri Abbas Səhhəti həkimlik sənətindən uzaqlaşdırmışdır. Abbas Səhhət 1906-cı ildə Şamaxıda açılmış realni məktəbə ana dili müəllimi təyin olunur. Geniş bilgiyə malik olan şair, məktəb islahatlarının aparılması, yeni təhsil ocaqlarının yaradılması, məktəblilərin dərslik ehtiyaclarının ödənilməsində səylə çalışır. 1909-cu ildə M. Mahmudbəyovla birgə “Yeni məktəb” dərsliyini tərtib edir.

Bir çox mətbu orqanlarda çıxış edən Abbas Səhhət tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, M. Lermontov, A. S. Puşkin, İ. Krılov, M. Qorki, V. Hüqo və başqa şair və yazıçıların əsərlərini tərcümə etmişdir.

Həyatının son illərini ağır məhrumiyyətlər içərisində keçirən ədib, 1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri qətliam zamanı ev-eşiyini itirir, ailəsi ilə birlikdə doğma yurdunu tərk etmək məcburiyyətində qalır. Ədib 1918-ci ildə Gəncədə vəfat etmişdir.

Abbas Səhhət yaradıcılığının əsas hissəsini onun uşaqlar üçün yazdığı əsərlər təşkil edir. Bu da təbiidir. XIX əsrin sonu XX əsrin əvvəllərində maarifçilik hərəkatının əsas qollarından biri olan təhsil islahatı, yeni məktəblərin açılması, uşaqların zövqünü oxşayan, onları məktəbə, təhsilə, elmə sövq etdirən bədii nümunələrə tələbat yaratmışdır. Dövrün ziyalıları dərs vəsaitləri, şeir və hekayələr yazmaqla bu boşluğu doldurmağa çalışırdılar. Şair də uşaqlar üçün qələmə aldığı şeirlərdə tərbiyəvi, əxlaqi, maarifləndirici mövzulara geniş yer verirdi. Şairin vətən sevgisinə, məhəbbətinə, əsrarəngiz gözəlliklərinin tərənnümünə, təbiət və onun ayrı-ayrı predmetlərinin aydın, təfsilatlı təsvirlərinə həsr olunmuş şeirləri poeziyasının əsas tematikasını təşkil etməklə yanaşı qısa, sadə, aydın dili, ifadə zənginliyi ilə diqqəti cəlb edirdi. Bu şeirlərdən “Vətən”, “Yay səhəri”, “Quşlar”, “Cücələr”, “İlk bahar”, “Bağça” və s. şeirlər klassik uşaq ədəbiyyatımızın qızıl fondunda yer alan nümunələr sırasındadır. Şairin “Vətən” şeiri romantik vüsəti, vətənə ünvanlanan sevgi hisslərinin təbiiliyi, emosionallıqla ifadəsi baxımından seçilir və sevilir.