Murad Adcı
Türk və dünya: munis tariximiz
Kitab Tofiq Hacıyevin əziz xatirəsinə ithaf olunur
GİRİŞ YERİNƏ BİR NEÇƏ SÖZ
Çar Rusiyasının müstəmləkəçi şovinizmini daha sərt şəkildə davam etdirən Sovet dövlətinin süqutundan sonra türk xalqları tarixinin olduğu kimi yazılması yolunda ilk addım atanlardan biri qıpçaq-qumuq oğlu Murad Adcı oldu. O, bu işə böyük sensasiya doğuran «Qıpçaq çölünün yovşanı» («Polın polovetskoqo polya») kitabı ilə başladı.
Sonrakı kitablarında da türkün dünya sivilizasiyasında oynadığı ciddi rolu işıqlandırdı, dünyanın siyasi coğrafiyasına onun göstərdiyi təsirdən danışdı, türk xalqları tarixinin gizli saxlanan, sirri açılmamış bir sıra səhifələrini geniş oxucu kütləsinə təqdim etdi. Bu məzmun son kitabının adında açıq əks olunur: «Türk və dünya: munis tariximiz».
Azərbaycan oxucularına həmin adla təqdim etdiyimiz bu kitab təkcə son əsərin tərcüməsi deyil. Biz Murad Adcının bütün əsərlərindən ayrı-ayrı oçerkləri almış, bir dəst düzəltmişik. Oçerklər bir-birini tamamlayan, türkün tarixi haqqında aydın təsəvvür yaradan bir buketdir.
Murad Adcının bu kitabında türk tarixinin qlobal məsələləri ilə bir sırada adi məlumatlar da var. Ancaq bu adi məlumatlar da yad qələm sahiblərinin türk haqqında formalaşdırdığı yanlış təsəvvürləri dağıdır.
Məsələn, rus və rus olmayan xalqların geniş kütləsi içərisində kazak necə tanınır: baş kəsən, əzazil, insafsız bir əsgər-döyüşçü kimi. Çünki insanlar kazakı döyüşkən zümrə kimi görüblər. Kazak öz əsgəri vəzifəsini şərəflə icra edib – o, həmişə döyüşdən qalib çıxıb: kazak düşmən ordusu ilə də qəhrəmanlıqla vuruşub, çara qarşı tətilə qalxan, siyasi üsyan qaldıran fəhlələri, zəhmətkeşləri də qəddarlıqla susdurub. Üzbəüz gələndə kazak rusa da, rus olmayana da qarşı amansız olub. Kazakı rəsmi dövlət rus elan edib.
Rus da bilib ki, kazak rus deyil, kazak özü də bilib ki, o, rus deyil. Bəs geniş kazak kütləsi kim olduğunu bilibmi? Ancaq kazakın ziyalıları, oxumuşları biliblər ki, onlar nəslən türkdürlər.Maraqlıdır: rus bu tarixi niyə danıb? Görünür, kazakın zümrəvi igidliyini özününkü kimi təqdim etmək istəyib. Kazaka rus deyib, onu rusun istəyi yolunda qəddarlığa, vuruşlara-döyüşlərə təhrik ediblər.
M. Adcı əsərində bu məsələləri yaxşı açıqlayır. Onun bu əsəri rus dilində yazıldığı üçün, təbii ki, onu geniş kazak auditoriyası oxuyub və özünü, tarixini özü üçün aydınlaşdırıb.
M. Adcı kazak haqqında mövcud təəssüratı dəyişmək üçün əsərinə maraqlı bir səhnə daxil edir: döyüşsüz, vuruşsuz, özü tarix olmayan, ancaq tarixin qavranmasına kömək edən bir səhnə. Murad Adcı kazakın məişətinə girir. Onların adi insan həyatı yaşadıqlarının, əməklə, təsərrüfatla məşğul olduqlarının, hətta əmək qəhrəmanları, təsərrüfat başçıları olduqlarının və hamısından da maraqlısı evdə, ailədə türkcə danışdıqlarının şahidi olub; rusca danışıqlarında türk atalar sözünün kalkasını hərfi tərcüməsini işlədib, sonra türkcəyə çevirdiklərini, rusca söhbətlərində yumor məqamında «izvinite» (bağışlayın) deyib türkcə bir söyüş söydüklərini şəxsən eşidib (kitabında vermədiyi xeyli şeyləri Murad mənə şəxsən danışıb və özü də «izvinite» deyib, gülə-gülə onlardan bəzilərini söyləyib və əlavə edib ki, elə bizim qumuq qıpçaqcasında da belə deyirik). Bəli, kazak türkü də, başqa türklər kimi, ona toxunan olmasa, sakitcə yaşamaq, işləmək, torpağa qan yox, tər tökmək üçün can atır və onun qəhrəmanlıqla vuruşmağı da bu sakit yaşayış üçün olmuşdur.