Yann Martel
Pi`nin həyatı
À mes parents et à mon frère –
Valideynlərimə və qardaşlarıma
MÜƏLLİFİN ÖN SÖZÜ
Bu kitab ac qaldığım zamanlarda yaranıb. İndi izah edərəm. 1996-cı ildə Kanadada mənim ikinci romanım işıq üzü gördü. Kitab çox da uğurlu alınmadı. Tənqidçilər onu ya soyuq qarşıladılar, ya da elə təriflədilər ki, tərifləməsələr ondan yaxşıydı. Beləliklə əsərim oxucuların diqqətindən yayındı. Nə qədər dəridən-qabıqdan çıxdım, özümü gah təlxək, gah hava gimnastı halına saldım, xeyri olmadı, oxucular onu görməzdən gəldilər. Bir sözlə tam məğlubiyyətə düçar oldum. Başqa kitablar mağazanın rəflərində sıra ilə düzülüb, oyundan əvvəlki beysbolçuları, futbolçuları xatırladarkən, mənim kitabım heç kimin komandaya götürmək istəmədiyi uğursuz oyunçular kimi bir küncdə qalmışdı. Beləliklə kitab yoxluğa doğru addımlamağa başladı. Səssiz və tez.
Buna elə də yanmadım. Artıq başqa mövzu, 1939-cu ilin Portuqaliyası haqqında yazmağa başlayırdım. Məndə çatışmayan yeganə şey isə rahatlıq idi. Əvəzində hardansa əlimə pullar gəlirdi.
Beləliklə mən Bombeyə uçdum. Amma bu Hindistana getmək, heç olmasa qısa müddətlik orda yaşamaq, sakitləşmək elə də pis fikir deyildi, hətta boş ciblə də orada yaşamaq, ürəyin necə istəyir vaxt keçirmək mümkündür. Həm də ki, 1939-cu ilin Portuqaliyası haqqında olan roman elə həmin dövr Portuqaliyası ilə əlaqədar olmaya da bilərdi.
Hindistanda əvvəllər də olmuşam, şimal bölgələrində beş ay yaşamışam.
İlk dəfə Hindistanda olanda tamamilə hazırlıqsız getmişdim. Əslində tək hazırlığım Hindistanı ovcunun içi kimi tanıyan bir dostumla söhbətim olmuşdum. O demişdi ki, “Hindistanda çox gülməli bir ingiliscə ləhcəsində danışırlar, “atmaq” kimi kəlmələrdən xoşları gəlir”. Mindiyim təyyarə Dehliyə enərkən, dostumun sözlərini xatırladım, yəni “atmaq” sözünü. Bu Hindistanın, rəngli, gurultulu, çılğın dünyasına yeganə hazırlığım idi. Bu sözü fürsət olduqca istifadə etdim və çox da köməyimə gəldi. Dəmir yolu stansiyasında bir məmura -“Biletin belə baha olduğunu bilməzdəm, mənə atmırsınız ki?” – dedim. O da gülümsəyib: “Xeyr cənab! Bizdə atmaq olmur, Sizə ən doğru qiyməti deyirəm” – dedi.
Bu dəfə, Hindistana ikinci gedişimdə məni nələrin gözlədiyini və nə istədiyimi yaxşı bilirdim. Bir dağ evinə gedib romanımı yazacaqdım. Özümü bir kənd evinin artırmasında, bir stolun arxasında, havaya qalxan çay buxarının və ətrafa dağılmış vərəqlərin arasında təsəvvür edirdim. Şehli yaşıl təpələr ayaqlarımın altına səriləcək, şıltaq meymunların çığırtıları qulaqlarıma dolacaqdı. Hava soyuyan zamanlarda, səhər və axşamın ayazında əynimdə yüngül bir gödəkcə, gün boyunca isə qısa qollu paltarlar geyəcəkdim. Beləliklə qələmim əlimdə oturub Portuqaliya ilə bağlı fantaziyalarımı həqiqət şəklində ortaya çıxaracaqdım. Əsər yazmağın məqsədi də bu deyilmi, öz həqiqətini yaratmaq? Gerçəkliyi təqdim etmək üçün çalışmaq? Portuqaliyaya getməyə nə gərək vardı ki?
Qaldığım mehmanxananı işlədən xanım, ingilisləri qovmaq üçün apardıqları mübarizədən danışacaqdı. Sabahısı günə nələr bişirəcəyi ilə bağlı ona istəklərimi bildirəcəkdim. Gündəlik yazı işimi bitirdikdən sonra çay əkilmiş dərə-təpəli ərazilərdə gəzintiyə çıxacaqdım.