Gi de Mopassan
G O N B U L
1
Tərcümə: İsmayıl Şıxlı Korrektor: Sevinc Rzayeva
Gi de Mopassan
G O N B U L
Bakı, Pergament, 2018, 46 səh.
© Pergament, 2018
2
Bir neçə gün idi ki, əzilmiş ordunun qalıqları arasıkəsilmədən şəhərin içindən keçib gedirdi. Bu, ordu yox, başıpozuq bir dəstə idi. Əsgərlərin üzünü tük basmışdı. Uzanmış
saç-saqqalları kir-pas içindəydi. Paltarları cırılmışdı. Bayraqsız, nizamsız şəkildə, yorğun-arğın halda irəliləyirdilər. Açıq-aşkar görünürdü ki, əziliblər, əldən düşüblər, nə fikirləşməyə
taqətləri qalıb, nə də bir iş görməyə. Ayaq üstə güclə
dayanırlar, özləri də bilmirlər ki, hara gedirlər. Bir balaca dayansalar, yorğunluqdan yerə səriləcəklər.
Nizami qoşun hissələrindən daha çox dünənə qədər sakit dolanan, indi isə tüfəngin ağırlığından belləri əyilmiş, qaçmağa da, hücuma keçməyə də eyni dərəcədə hazır olan, gah qorxub, gah da ruhlanan silahlı camaat daha çox gözə dəyirdi. Böyük döyüşlərdə əzilmiş diviziyanın qalıqları: qırmızışalvarlı əsgərlər, müxtəlif polklardan qalan piyadalar, qaşqabaqlı topçular, özlərini piyadalara güclə çatdıran süvarilərin – draqunların parıldayan dəbilqələri bu qarmaqarışıqlıq içində gözə dəyirdi.
«Məğlubiyyətin intiqamını alanlar», «Ölüm köməkçiləri»,
«Məzar vətəndaşları» kimi qəribə qəhrəmanlıq adı daşıyan, lakin görkəmlərindən əməlli-başlı quldura oxşayan könüllü nişançılar dəstəsi də gəlib keçirdi.
Onların dünənə qədər mahud, yaxud taxıl alveri edən, piy və sabun satan, indi təsadüfən – ya pulla, ya da uzun bığlarına görə zabit rütbəsi alıb zərbaftalı paltar geyinmiş, yaraqlı-yasaqlı rəisləri hay-küy salıb planlar müzakirə edir, özlərindən razı halda söyləyirdilər ki, məhv olmaqda olan Fransanın yeganə
dayağıdırlar. Əslində isə çox vaxt ipə-sapa yatmayan canilər-dən, oğrulardan və pozğunlardan ibarət olan öz əsgərlərindən qorxurdular.
Söz yayılmışdı ki, prussiyalılar Ruana çathaçatdadır.
Son iki ayda yaxındakı meşədə qorxa-qorxa kəşfiyyat aparan, çox vaxt da öz keşikçilərinə atəş açan və kolluqda bir dovşan tərpənib şıqqıltı salan kimi hücuma keçməyə hazırlaşan milli qvardiya indi evlərinə dağılmışdı. Onların bir az əvvəl 3
adamları üç verstlikdən qorxuya salan tüfəngləri, mundirləri, dəhşətli odsaçan silahları birdən-birə yoxa çıxmışdı.
Sen-Sever və Bur-Aşardan adlayıb Pont-Odemerə doğru irəliləyən axırıncı fransız əsgərləri, nəhayət, Sena çayını keçdilər, hamıdan axırda isə general, özünün iki yavəri ilə
birlikdə, qoşunun arxası ilə pay-piyada sürünürdü. O, tamamilə
ruhdan düşmüşdü və pərən-pərən olmuş bu adamlarla nə
edəcəyini bilmirdi. Həmişə qələbə çalmağa vərdiş edən və indi özünün əfsanəvi qoçaqlığına baxmayaraq, birdən-birə dəhşətli məğlubiyyətə uğrayan xalqın vəziyyəti generalı sarsıtmışdı.
Sonra şəhərə sükut çökdü, hamı dinməz-söyləməz, qorxu içində yaxınlaşan düşməni gözlədi. Dükanda, daxıl dalında oturmaqdan piylənmiş və hər cür cəsarəti itirmiş burjualar, ət qızartdıqları şişləri və iri mətbəx bıçaqlarını prussiyalıların silah hesab edib, onlara cəza verəcəklərindən qorxa-qorxa qaliblərin gəlməsini həyəcanla gözlədilər.