Читать онлайн «Əlvida silah»

Автор Хемингуэй Эрнест Миллер

Ernest Heminquey

«Əlvida, silah!» (roman)

BİRİNCİ KİTAB

BİRİNCİ FƏSİL

O il yayın axırlarında biz kənddə dayanmışdıq, qaldığımız balaca evdən çay və düzəngah görünür, bunlardan o yanda isə dağlar ucalırdı. Çayın yatağına günün altında quru və ağ görünən qənbər və çınqıl döşənmişdi, su isə şəffaf və iti idi, axarlarda göm-göy olurdu. Evin yanındakı yolun yanından qoşunlar keçirdi, onların qaldırdıqları toz ağacların yarpaqlarına yatırdı. Ağacların gövdələri, də toz ilə örtülmüşdü və həmin il yarpaqlar tez tökülməyə başlamışdı, biz də qoşunların yol ilə necə getməyinə, tozun burularaq havaya qalxmağına, küləyin tökülən yarpaqları qabağına qatıb aparmağına, sonra isə ağaran boş yolda ancaq yarpaqların tökülüb qalxmağına baxırdıq.

Düzən məhsuldar idi, orada çoxlu meyvə bağları vardı. Düzəndən o yandakı dağlar isə boz və çılpaq idi. Dağlarda vuruşma gedirdi və gecələr partlayışların alovları görünürdü. Qaranlıqda bunu şimşəyə oxşatmaq olardı; amma gecələr sərin keçirdi, havada tufan olacağı sezilmirdi.

Bəzən qaranlıqda pəncərələrimizin altından qoşunların keçdiyini və yedəyə alınmış topların yanımızdan ötdüyünü eşidirdik. Gecələr yolda hərəkət güclənirdi, yəhərlərinin hər iki tərəfinə döyüş sursatı ilə dolu yeşiklər yüklənmiş çoxlu qatır gedirdi, əsgərlərin əyləşdiyi boz yük maşınları ötüb keçirdi, yük vurularaq üstünə brezent çəkilmiş və çox da sürətli olmayan maşınlar irəliləyirdi. Gündüzlər də yedəyə alınmış ağır toplar keçib gedirdi, uzun toplar yaşıl budaqlarla örtülü olurdu, yedəkçi maşınların üstünə sıx yaşıl budaqlar və tənək yığılırdı.

Bizim dayandığımız yerdən şimalda vadi var idi, onun arxasında şabalıd meşəsi başlayırdı, daha sonra çayın biz tərəfdə olan sahilində bir dağ da ucalırdı. O dağı da almaq istədilər, amma bir şey çıxmadı, payız düşəndə, yağışlar başlarkən şabalıdın bütün yarpaqları töküldü, budaqlar çılpaq qaldı, ağacların gövdələri yağışdan qaraldı. Meynələr də seyrəldi, çılpaqlaşdı və hər yer su içində, bomboz payıza xas halda ölgün idi. Çayın üstünü duman bürüyürdü, buludlar dağlara doğru sürünürdü, yük maşınları yolda palçığı ətrafa sıçradırdı, kirli və su içində olan əsgərlər öz plaşlarına bürünüb gedirdilər; onların tüfəngləri yaş idi, kəmərlərindəki iki dəri patron çantası, nazik 6,5 millimetrlik patron daraqlarından ağırlaşmış boz dəri çantalar qabaq tərəfdən plaşın altından elə çıxmışdı ki, elə bil yol ilə gedən əsgərlər altı aylıq hamilə idilər.

Çox iti gedən balaca boz minik maşınları ötüb keçirdi; adətən şoferin yanında zabit əyləşirdi, arxada da zabitlər oturardılar. Bu maşınlar yük maşınlarından daha çox palçıq sıçradardı, əgər zabitlərdən birinin boyu lap balaca idisə və arxada iki generalın arasında otururdusa, çox balaca olduğundan üzü görünmürdüsə, ancaq kepisinin təpəsi və ensiz kürəkləri nəzərə çarpırdısa, həm də maşın lap iti gedirdisə, onda bu ehtimal ki, kral idi. O, Udinedə yaşayırdı və demək olar, hər gün bu yol ilə keçirdi ki, görsün işlər necə gedir, işlər isə çox pis gedirdi.

Qışın girməsi ilə fasiləsiz yağışlar başladı, yağışların yağması ilə isə vəba başladı. Amma onun yayılmasına imkan vermədilər, odur ki, bütün dövr ərzində bundan orduda cəmi yeddi min adam öldü.