Читать онлайн «Çempion kimi düşün»

Автор Мередит Макивер

Donald J. Trump, Meredit Makiver

Çempion kimi düşün. Maqnatın həyat və biznes haqqında düşüncələri

Donald Tramp əfsanəvi insandır.

O, indi növbəti – ABŞ prezidenti zirvəsini fəth edib.

Onun liderlik qaydaları, biznesdə və həyatda uğurlara nail olmağı həqiqətən istəyənlərin hamısı üçün qiymətli dərslərdir.

Ön söz

Donald Trampla işləməyin üstünlüklərindən biri onun gündəlik həyatını izləyə bilmək imkanıdır. Tanış olduğumuz uzun illər ərzində mən əsl Donaldı da, ictimaiyyət içinə çıxan Donaldı da yaxşı tanıdım və gördüm ki, bunlar eyni adamdır. Hətta deyərdim ki, gündəlik həyatında o, ictimaiyyət qarşısında olduğundan daha böyük və görkəmlidir.

Onunla işləyərkən necə fikirləşdiyini müşahidə edir, fikirləri sözə, sözləri isə hərəkətə çevriləndə ona qulaq asırdım. Əksər hallarda bu adamın fikir, söz və hərəkətləri bir-birini məntiqi olaraq davam etdirirlər. O, bəlkə də bu səbəbdən sözünü birbaşa deyən və sərtdir. Donald məhz ona görə belədir ki, fikir, söz və hərəkətləri vəhdət yaradır və bir-biri ilə ziddiyyət təşkil etmir.

Bizim çoxlarımızın elə tanışları var ki, diqqət edəndə üç müxtəlif adam olduqlarını görürük. Onların düşündüyü bir, dedikləri başqa, etdikləri isə üçüncü bir şeydir və hərəkətləri həm fikirləri, həm də sözləri ilə ziddiyyət təşkil edir. Mən belə adamların müəyyən uğur qazandıqlarını və ziddiyyətlərlə dolu həyat sürdüklərini görmüşəm.

1980-ci illərin əvvəllərində ilk böyük biznesimi itirdim. Hər şeyi itirmək özümüzə təsvir etdiyimiz dərəcədə dəhşətlidir. Hər şeyi itirdim və özümü bəxtsiz adam hesab etməyə başladım.

İtkilərin ən böyüyü özümə inamı itirmək idi. Mən nə etmək lazım olduğunu bilirdim, amma, sadəcə, hansısa səbəbdən bunu etmirdim. Sonrakı on il ərzində öz üzərimdə işim fikirlərimə hakim olmaqdan ibarət oldu. Düzgün təfəkkür tərzinə qayıtmaq üçün dahi adamların sözlərini oxumağa və dinləməyə başladım ki, sonra onları özümünkü edim. Mənim işgüzar həyatım yavaş-yavaş da olsa sürətlənməyə başladı və mən yenidən qalibə çevrildim.

1987-ci ildə, fond bazarının iflasından az sonra əlimə Donaldın «Saziş bağlamaq incəsənəti» kitabı düşdü. Arvadımla mən onu oxumaq üçün bütün işlərimizi bir kənara qoyduq. Ətrafımızdakı dünya dağılırdı, biz isə Donaldın fikir, söz və hərəkətləri vasitəsilə biznes dünyasını görmək imkanı və üstünlüyü qazanmışdıq. 1994-cü ilə mən və arvadım Kim nəhayət maliyyə cəhətdən sərbəstlik qazandıq. Boş vaxtlarımızda tez-tez Donaldın kitabının, ətrafımızdakı qarışıqlıqlara baxmayaraq, bizi necə ruhlandırdığı, irəli getməyə vadar etdiyini yadımıza salırıq.

1997-ci ildə onun «Geri dönmək incəsənəti» («The Art of the Comeback») kitabını oxuyanda əmin olduq ki, bu fikirlər dahi adama məxsusdur. Çox az adam həqiqəti açıq deməyə qabildir, öz səhvləri, aldığı dərslər və sonsuz cəhdləri haqqında yazmağa hazır olanların sayı isə daha da azdır.

Kimlə mən Donaldla ilk dəfə 2004-cü ildə görüşdük. Əlbəttə, biz tanış deyildik, amma o bizimlə son dərəcə nəzakətli idi və öz kitabları vasitəsilə fikirlərini bizimlə bölüşdüyü üçün ona təşəkkür etdik. 2006-cı ilin sonunda Donaldla birlikdə «Sizin varlı olmağınızı niyə istəyirik» adlı kitabı nəşr etdirdik.