Devid Almond
Skelliq
Birinci fəsil
Mən onu bazar günü, günorta vaxtı qarajda tapdım. Biz bura – Şahin küçəsinə bir gün əvvəl köçmüşdük. Qışın son günləri idi. Anam elə belə də deyirdi: “Köçməyimizlə yazın gəlişi bir olacaq”. Qarajda məndən başqa heç kim yox idi. Hamı doktor Ölümlü ilə birlikdə evdə, cumbulu qızın ətrafında vurnuxurdu. Həkimə bu adı mən qoymuşdum: ölü bət-bənizinə bənzər solğun üzü heç vaxt gülməzdi, əllərində isə qara ləkələr vardı. Mən onu bir neçə gün bundan qabaq evimizin qabağında, maşına əyləşib mühərriki işə salanda görmüşdüm. Əslində, adı doktor Sartüdür. Əlbəttə, onu üzünə “Ölümlü” deyə çağırmıram. Amma, məncə, belə soyad doktor Sartüyə daha çox yaraşır.
O, qaranlıqda, necə gəldi bir-birinin üstünə yığılmış dolab və bufetlərin arasında, toz-torpağın içinə sərilmişdi. Elə bil əsrlərlə burada atılıb qalıb. Üst-başı kirli idi, rəngi solmuş, bədəni sanki quruyub qaxaca dönmüşdü. Çox güman, ölü idi. Ancaq, sən demə, yamanca yanılıbmışam. Tezliklə həqiqəti öyrənəcəkdim: o, qeyri-adi, üstəlik, dünyada tayı-bərabəri olmayan bir adamdır!
Onu tapdığım yerə qaraj deməyimin səbəbi odur ki, daşınmaz əmlak üzrə agent mister Stoun da bu tikilini məhz belə adlandırır. Mənim fikrimcə isə bura daxma, ya zibillik, ya da ki yarımdağılmış anbardır. Stoun bizi bura bağın içi ilə gətirdi, yerində güclə duran qapını itələdi və cib fənəri ilə qaranlığa işıq saldı.
Onun arxasınca biz də başımızı içəri soxduq.– İndisə bura xəyali bir nəzər salın, – daşınmaz əmlak üzrə agent dedi. – Təsəvvürünüzə gətirin ki, hər yer təmizlənib, yeni qapılar qoyulub və dam təmir olunub! Nə görürsünüz? İkimaşınlıq əla qaraj!
Mister Stoun mənasızca hırıldamağına davam edərək üzünü mənə çevirdi:
– Ay oğlan, bəlkə, özün üçün burada nəsə quraşdırasan? Oynamaq, dostlarınla əylənmək üçün xəlvəti bir yer. Nə deyirsən, necə fikirdir?
Üzümü çevirdim. Ümumiyyətlə, onunla danışmaq istəmirdim. Bütün yolboyu nə göstərirdisə, gərək xəyali nəzərdən keçirəydin. Hər şeyi olduğu kimi görmək yox, xeyli yaxşı təsəvvür etmək lazım idi. Biz evə baxdığımız müddət mən elə hey Erni Mayers – burada illərlə tək yaşamış qoca haqda fikirləşirdim. Öləndə heç kimin xəbəri olmayıb, bir həftədən sonra mətbəxdə, masanın altından tapıblar. Stoun xəyali nəzərlərimizi işə salmağı xahiş edəndə gözümün qabağına məhz bu səhnə gəlirdi. O hətta qonaq otağında da ətrafa xəyali nəzər salmağımızı istədi, çünki küncdə, taxta arakəsmənin arxasında köhnə, çatlamış unitaz var idi. Stoun izah etməyə başladı ki, Erni son illər artıq pilləkənlə qalxıb-düşə bilmədiyi və yalnız birinci mərtəbədə hərləndiyi üçün çarpayısını da bura gətiriblərmiş, unitazı da burada quraşdırıblarmış. Stoun bunları danışdıqca səsini yavaşıdır, tədricən pıçıltı ilə danışmağa başlayırdı, düşünürdü ki, mən eşitməsəm yaxşıdır. Mən isə onun sadəcə səsini kəsib susmasını istəyirdim. Bir də buradan tez çıxıb getmək, geri, evimizə qayıtmaq… Di gəl ki atamla anam ayrı fikirdə idilər. Onlar elə həyəcanlı, elə sevincli idilər ki, sanki bizi qarşıda möhtəşəm macəra gözləyir.