Читать онлайн «93-cü il»

Автор Гюго Виктор Мари

Viktor Hüqo

93-cü il

Nəşriyyatdan

Bu romandakı hadisələr 1793-cü ildə Fransada, ölkənin qərbində yerləşən Vandeya ərazisində cərəyan edir. Həmin il bu vilayətdə yeni yaranmış respublika hakimiyyətinə qarşı silahlı üsyan başlamışdı. Romanda da elə bu üsyanın ilk aylarında baş verən hadisələr təsvir olunur. Üsyan artıq vətəndaş müharibəsinə gətirib çıxarmışdır.

Əsərdəki epizodlar mühüm tarixi hadisələr fonunda baş versə də, baş qəhrəmanlar müəllif tərəfindən düşünülmüş bədii obrazlardır. Bununla yanaşı, əsərdəki obrazlar arasında bir sıra tarixi şəxsiyyətlərə də (Marat, Danton, Robespyer) rast gəlmək mümkündür.

İnqilab, vətəndaş müharibəsi insanların qəlbini daşa döndərir, onlar siyasi ideyalara görə həyatda ən çox sevdikləri insanlara belə qəsd edirlər. Belə bir mürəkkəb vəziyyətdə insana qarşı mərhəmət, şəfqət hissi xarakteri səciyyələndirmək üçün əsas meyara çevrilir.

Əsərdə mübarizə göylər (respublika tərəfdarları) və ağlar (monarxiya tərəfdarları) arasında getsə də, əsas konflikt qəddarlıqla mərhəmət arasında baş verir.

1

1793-cü il may ayının sonlarında Paris milli qvardiyasının batalyonlarından biri Sodrey meşəsində axtarış aparırdı. Dəstədə üç yüzdən bir az çox adam qalmışdı. Şiddətli döyüşlər onların sıralarını xeyli seyrəltmişdi. Əsgərlər tələsmədən hər tərəfə göz yetirərək addımlayırdılar.

– Dayanın! Atmayın!

Kolların arasında bir qadın və üç uşaq vardı. Ana uşaqlardan ən kiçiyinə – körpəyə süd verirdi.

– Sizin burada nə işiniz var? – markitant qadın səsləndi.

Qadın başını qaldırdı. Uşaqlar ağlaşdılar.

Markitant qadın səsini yumşaltdı:

– Qorxmayın! Biz «Qırmızıpapaq» batalyonundanıq! Bəs sən kimsən?

– Mən Mişel Fleşaram, – qadın zorla pıçıldadı.

– Hardan gəlib hara gedirsiniz? – serjant soruşdu.

Qadın kəkələdi:

– Kəndimizi yandırdılar. Zorla canımızı qurtardıq. Heç ayaqqabımı da geyinə bilmədim.

Markitant qadın körpənin başını sığallayıb adını soruşdu.

– Jorjetta, – ana cavab verdi.

– Bəs böyüyün? Özü də dəcəl oğlana oxşayır.

– Onun adı Rene-Jandır.

– Bəs kiçiyin?

– Qro-Alen.

– Ərin nə işlə məşğuldur? – serjant soruşdu.

– O döyüşürdü.

– Kim uğrunda?

– Kral uğrunda. Ancaq ərimi öldürdülər.

Markitant qadın mülayim səslə dedi:

– Əzizim, biz parisliyik. Siz heç nədən qorxmayın. Bizim batalyona qoşulun. Sizə iş verərik. Döyüş zamanı əsgərlərə su, şərab daşıyarsınız.

Serjant Radub cibindən bir parça qara çörək çıxarıb anaya uzatdı. Qadın çörəyi bölüb iki uşağa verdi. Uşaqlar acgözlüklə çörəyi yeməyə başladılar.

Qadın öz bədbəxt taleyi haqqında uzun-uzadı danışmağa başladı. Əsgərlər dövrə vurub ona qulaq asırdılar.

Nəhayət, serjant dikəldi, yanağından göz yaşı süzülürdü.

– Yoldaşlar, – o dedi, – bundan sonra bizim batalyon ata olmalı, bu üç uşağı övladlığa götürməlidir. Razısınız?