Читать онлайн «Əlvida, silah!»

Автор Хемингуэй Эрнест Миллер

Ernest Heminquey

ƏLVİDA, SİLAH!

1

Həmin il yayın axırlarında biz kəndlərin birində mövqe tutmuşduq. Qaldığımız balaca evdən çay və düzəngah görünür, onlardan o yanda isə dağlar ucalırdı. Çayın yatağı gün işığında ağaran qənbər və çınqıllarla örtülüydü. Suyu dumduru, axarı itiydi, yayıldıqca göy rəngə çalırdı. Evin yanındakı yoldan keçən qoşunların qaldırdığı toz ağacların yarpağı üstə çökürdü. Hətta ağacların gövdəsini də toz basmışdı. Bəlkə, buna görəydi ki, həmin il ağaclar yarpağını tez tökməyə başlamışdı…

Düzənlik boyu çoxlu meyvə bağları vardı, arxadakı dağlarsa boz və çılpaq idi. Dağlarda döyüş gedirdi. Gecələr partlayışlardan saçılan alovlar görünürdü. Qaranlıqda bunu şimşək çaxışına bənzətmək olardı; amma hava sərin keçdiyindən yağışdan, tufandan əsər-əlamət sezilmirdi.

Qaranlıqda pəncərəmizin altından qoşunların keçib-getdiyini eşidirdik. Gecələr yolda hərəkət artırdı. Əsgərləri daşıyan boz yük maşınları, döyüş sursatı yüklənmiş qatırlar bir ucdan qatarlaşıb gedirdi. Onların ardınca sürətlə gedən balaca maşınlar gəlirdi. Bu maşın karvanında kralın da olduğu hamıya məlumdu. O, Udinedə yaşayırdı və hər gün burdan gəlib keçirdi.

Qışın girməsiylə yağışlar başladı. Yağışlar özüylə vəba xəstəliyi də gətirdi. Onun geniş yayılmasına imkan vermədilər, baxmayaraq ki vəbadan artıq yeddi min əsgər ölmüşdü…

2

Növbəti il düşmən üzərində bir neçə qələbə qazanıldı. Avqust ayında biz çayı keçib Qorisiyada hündür hasarı və gözəl bağı olan bir evdə yerləşdik. İndi döyüşlər lap yaxınlığımızda gedirdi.

Qorisiya asanlıqla ələ keçirilmişdi.

Nəyə görəsə, avstriyalılar bu şəhəri digərləri kimi aramsız bombalamırdılar. Adama elə gəlirdi ki, müharibə qurtarandan sonra onlar burdaca qalacaqlar.

Şəhər kənarında ucalan dağın döşündəki palıd meşəsi məhv edilmişdi. Yayda biz gələndə bu meşə yamyaşıl idi. İndi isə hər şey alt-üst olmuşdu.

Axşam şəhərə düşüb zabitlərin əyləndiyi kafeyə getdim.

Dostum olan kapitanla pəncərənin qırağında, üzbəüz oturmuşduq. Lopa-lopa qar yağırdı. Yağan qara baxıb düşünürdüm ki, bu ilimiz boşuna getdi – çayın o üzündəki dağlar alınmamışdı. Ümid gələn ilə qalırdı. Birdən dostum palçıqlı yolda ehtiyatla harasa gedən polk keşişimizi gördü. Pəncərəni tıqqıldadıb onu içəri çağırdı.

– Madam ki qar yağır, onda hücum olmayacaq, – dedim.

Mayor:

– Əlbəttə olmayacaq, – deyə cavab verdi. – İndi məzuniyyət götürsəniz, pis olmaz. Romaya, Neapola, Siciliyaya gedərsiz…

– Mən istərdim ki, siz biz tərəflərə – Abrutssıya da gedəsiniz, – keşiş dilləndi. – Orada yaxşı ov etmək mümkündür. Camaatımız da yaxşıdır. Üstəlik, atamın da ova həvəsi var.