Читать онлайн «Lessi»

Автор Эрик Найт

Erik Nayt

LESSİ

I FƏSİL

Satılmır

Qrinol-Bric qəsəbəsində hamı Lessini – Sem Kerraklafın itini tanıyırdı. O, demək olar ki, bütün ətrafda ən məşhur it idi. Buna bir neçə səbəb var idi.

Amma Lessini hamının qəsəbədə yaxşı tanımasının başqa səbəbi də var idi. İş orasındadır ki, qadınların dediyinə görə, saatı bu itlə bilmək olardı. Hər şey üç il əvvəl, Lessi biryaşlı, şən və dəlisov küçük olan vaxt başlamışdı. Bir dəfə Sem Kerraklafın oğlu Co Kerraklaf bərk həyəcanlı vəziyyətdə qaçıb evə gəlmişdi.

– Ana, ana! – o az qala nəfəsi kəsilərək qışqırırdı. – Bu gün məktəbdən çıxanda, səncə, kim orada oturub məni gözləyirdi? Lessi! Fikrincə, o mənim harada olduğumu necə bilib?

– Yəqin, iyini alıb. Ağlıma ayrı heç nə gəlmir.

Elə, ya da belə, amma Lessi səhəri gün də, üçüncü gün də məktəbin qabağında gözləyirdi. Həftələr, aylar, illər dolanır, amma bu davam edirdi. Qadınlar evlərinin pəncərəsindən boylanıb, dükançılar iş yerlərinin qabağında dayanıb yanlarından asta-asta, tələsmədən qaçan mərd, qızılı xallı, ağ-qara iti görür və deyirdilər: “Lessi qaçır – dördə qalıb beş dəqiqə!”

Havadan asılı olmayaraq, istər göyün üzü açıq olsun, istər yağış yağsın, it həmişə eyni yerdə oğlanı gözləyirdi. Xoşbəxt görüş anı yetişir, sonra ikisi bir yerdə evə qayıdırdı.

Artıq dördüncü il idi ki, bu hər gün belə davam edirdi.

Yeknəsəq həyatla yaşayan qəsəbədə Lessi hamının sevimlisinə çevrilmişdi. İnsanlar Lessini ən çox özlərinin də izah edə bilmədikləri, ləyaqətləri ilə bağlı nəyisə təcəssüm etdirdiyi üçün sevirdilər. İnsanların ləyaqəti isə pul məsələsi ilə bağlı idi.

Adətən, kiməsə məxsusi gözəl bir it böyütmək müyəssər olurdusa, günlərin bir günü o artıq it olmaqdan çıxıb pul qazandıra biləcək dördayaqlı nəyəsə çevrilirdi. O, əlbəttə, it olaraq qalırdı, amma onun haqqında varlı bir adam, yaxud hansısa alverçi xəbər tutsa, ona müştəri də çıxa bilərdi. Varlı da iti eynilə kasıb kimi sevə bilərdi, burada onların arasında fərq yox idi. Fərq onların pula olan baxışlarında idi. Kasıb oturub qışa nə qədər kömür, neçə cüt başmaq, uşaqların sağlam böyüməsi üçün nə qədər ərzaq lazım ola biləcəyi haqda düşünə, sonra isə evə gəlib deyə bilərdi:

“Ayrı yolumuz yoxdur. Özümüzə ayrı bir küçük götürüb böyüdərik. Onu da bunun kimi sevərsiz”.