Vladislav Şpilman
PİANOÇU. Varşava gündəlikləri, 1939–1945
ÖN SÖZ
Bu xatirələr kitabı Polşanın məşhur musiqiçisi və bəstəkarı Vladislav Şpilmanın almanlar tərəfindən işğal olunmuş Varşavada 1939–1945-ci illərdə sürdüyü həyat haqqındadır. Bəstəkarın ailəsi – valideynləri, iki bacısı və qardaşı alman işğalçıları tərəfindən qətlə yetirilib.
Müəllif ölümdən üç dəfə qurtula bilib – əvvəlcə getto sakinlərini Treblinkaya yollamaq üçün qovan yəhudi polisi, sonra polşalı qadın Helena Leviskaya, müharibənin sonunda isə alman ordusunun kapitanı Vilhelm Hozenfeld sayəsində.
Varşava azad edildikdən sonra Vladislav Şpilman uzun müddət stress vəziyyətində idi – özünü həlak olmuş yaxınlarının ruhu qarşısında günahkar sayırdı. Nəhayət, ağlını itirməmək üçün dostlarının məsləhəti ilə yaşadıqlarını kağıza köçürüb. Kitab müharibədən dərhal sonra yazılıb və 1946-cı ildə Yeja Valdorffun redaktorluğu altında «Şəhərin məhvi» adı ilə işıq üzü görüb. Əsərdə xüsusi ideyalar və milli stereotiplər yoxdur, burda, sadəcə, insanlar – almanlar, polyaklar, yəhudilər və litvalılar, bir də onların əməlləri öz əksini tapıb.
Vladislav Şpilman musiqi fəaliyyətinə qayıdıb konsertlər verib, Polşa radiosunun musiqi redaksiyasına rəhbərlik edib. Məşhur «Varşava kvinteti»nin yaradıcılarından biri olub və onunla bir çox ölkədə konsert verib. Bundan başqa, o, Sopotda populyar musiqi festivalının təşkilinin təşəbbüsçülərindən idi.
Kitabın «Pianoçu» adı ilə çap olunan ikinci nəşri 1998-ci ildə Almaniyada, növbəti il isə ABŞ-da işıq üzü görüb. Əsər həmin vaxtdan səkkiz dilə tərcümə edilib, təkcə Polşada deyil, İspaniyadan tutmuş Yaponiyayadək bütün dünyaya səs salıb, «The Economist», «The Guardian», «The Sunday Times» və s. kimi nüfuzlu nəşrlərin bestseller siyahısına düşüb. 1999-cu ildə «Los Angeles Times» qəzeti əsərə «fakt ədəbiyyatı» kateqoriyasında ən yaxşı kitab titulu verib.
Kitabda yaddaşa təkcə yəhudilərə divan tutulması, yaxud onların Treblinkaya köçürülməsi səhnələri deyil, həm də baş verən bu dəhşətli faciənin bəzən iki-üç cizgi ilə konkret iştirakçılarının simaları, xırdalığınadək məişət detalları, insan münasibətlərinin təfərrüatları həkk olunur. «The Independent on Sunday» (28.
03. 1999) qəzeti yazırdı: «Bəzən həyatın boyu insan təbiəti haqqında bu nazik kitabdan əxz etdiyin qədər öyrənə bilmirsən».Məşhur rejissor Roman Polanski «Pianoçu» əsərini ekranlaşdırıb. Vaxtilə Anje Vaydanın da belə bir niyyəti olub.
«Pianoçu» filmi 2002-ci ildə 55-ci Kann Beynəlxalq kino festivalının ali mükafatına – «Qızıl palma budağı»na layiq görülüb. Film həmçinin 2003-cü ildə üç «Oskar» alıb: ən yaxşı rejissor işinə görə (Roman Polanski), ssenariyə görə (Ronald Harvud) və ən yaxşı kişi roluna görə (Edrien Broudi).
Kitabda əlavə kimi alman ordusunun kapitanı Vilhelm Hozenfeldin – V. Şpilmanı viranə qalmış Varşavada xilas edənlərdən birinin hərbi gündəliyindən parçalar verilib.
MÜQƏDDİMƏ
Atam müharibə dövründə başına gələnləri son illərədək qırx qapı arxasında gizlətməyə çalışıb. Bununla belə, on iki yaşım olar-olmaz kitabxanamızda tapdığım bu kitab sayəsində atamın keçmişi barədə çox şeyi öyrəndim. Həmin kitabdan niyə ata tərəfdən nənəmlə babamın olmadığını, evimizdə nə üçün bu barədə bir kəlmə də danışılmadığını öyrəndim. Tapdığım bu gündəlik ailə tarixçəmizin indiyədək heç bir təsəvvürüm olmadığı qaranlıq hissəsinə aydınlıq gətirdi… Hərçənd biz indiyədək bu haqda susmağa üstünlük veririk. Yəqin, elə həmin səbəbdən dərhal fərqinə varmadım ki, atamın yaşadıqları digər insanlarda maraq doğura bilər. Bu kitabın yenidən çap olunmasına isə məni dostum – alman şairi Volf Birman inandırdı. O, əsərin müstəsna dəyərə malik olduğuna əmin idi.