Читать онлайн «Qəbrinizə tüpürməyə gələcəyəm»

Автор Борис Виан

Boris Vian

QƏBRİNİZƏ TÜPÜRMƏYƏ GƏLƏCƏYƏM

I

Baktonda məni heç kim tanımırdı. Klem də bu şəhərciyi həmin səbəbdən seçmişdi. Yeri gəlmişkən, əgər çəkinsəydim, fikrimi dəyişmək istəsəydim, onsuz da şimala doğru yolumu davam etdirməyə benzinim yox idi. Vur-tut beş litr qalmışdı. Üstəlik, bircə dollar, bir də Klemin məktubu… Başqa heç nəyim yox idi. Çamadandan, ümumiyyətlə, danışmasam yaxşıdır. Xüsusən də onun içindəkindən. Hə, unutdum: yük yerinə Körpənin balaca tapançasını yerləşdirmişdim, 6,35 kalibrli ucuz tapança; şerif bizə cəsədi götürməyə və dəfn etməyə icazə verəndə tapança hələ də onun cibində idi. Düzünü desəm, hər şeydən çox Klemin məktubuna bel bağlayırdım. Mənim bəxtim gətirməlidir, mənim bəxtim mütləq gətirməlidir. Sükanı tutduğum əllərimi, barmaqlarımı, dırnaqlarımı gözdən keçirdim… Doğrusu, burada da hər şey qaydasındadır. İlişməyə bir səbəb yoxdur. Bəlkə, vəziyyətdən çıxmağı bacardım…

Qardaşım Tom onu – Klemi universitetdən tanıyırdı. Klem özünü onunla başqa tələbələrdən fərqli aparırdı. Tomla həvəslə söhbətləşir, bir yerdə içir və Klemin «Cadillac»ında gəzirdilər. Orada qardaşıma yalnız Klemə görə dözürdülər. Klem atasının vəfatından sonra fabrikin başına keçmək üçün çıxıb gedəndə isə Tom da oralardan əkilməli oldu. O, yanımıza qayıtdı. Artıq çox şey öyrənməyə imkan tapmışdı, odur ki yeni məktəbdə müəllim işinə düzəlməyə nail oldu. Sonra da Körpə ilə bağlı bu hadisə… Onun yerinə mən olsam susardım, ancaq Körpə başqa cür düşünürdü. O bu işdə pis heç nə görmürdü. Belədə qızın atası və qardaşı Körpə ilə haqq-hesab çəkmək qərarına gəldilər.

Məhz bu səbəbdən qardaşım Klemə məktub yazdı. Mən artıq orada qala bilməzdim, ona görə də qardaşım Klemdən mənim üçün nəsə bir iş tapmağını xahiş edirdi. Elə iş ki ara-sıra görüşə bilmək üçün çox uzaqda olmasın, ancaq çox yaxında da olmamalıydı ki, bizi orada heç kəs tanımasın.

Tom düşünürdü ki, zahiri görkəmimi və xarakterimi nəzərə alsaq, biz, əslində, heç bir risk etmirik. Bəlkə də, o haqlı idi, ancaq mən bütün günü, sadəcə, Körpəni xatırlayırdım.

Baktonda kiçik kitab dükanının müdiri – mənim yeni işim bu idi. Mən əvvəlki müdirlə tanış olmalı və üç gün ərzində işi öyrənməliydim. Köhnə müdirin vəzifəsini bir pillə yüksəltmişdilər və çıxıb gedərkən, yəqin ki, məni aldatmağa cəhd etməliydi.

Günəş şəfəq saçırdı.

Dükanın olduğu küçə hazırda Pirl-Harbor-strit adını daşıyırdı. Bəlkə də, Klemin bundan xəbəri yox idi. Lövhədə hələ də köhnə adı oxumaq olurdu. Mağazanı 270 nömrəli ünvanda tapdım və köhnə maşınımı onun qapısı önündə saxladım. Kassanın arxasında əyləşmiş müdir cədvəldəki hansısa rəqəmləri yoxlayırdı. O, sərt baxışlı, mavi gözləri və solğun-sarı saçları olan ortayaşlı birisiydi. Mən salamlaşdım.

– Sabahınız xeyir. Nə isə almaq istəyirsiz?

– Sizə məktub gətirmişəm.

– A! Deməli, işləri sizə təhvil verməliyəm. İcazənizlə, məktuba baxım.

O, məktubu götürdü, oxudu, sonra büküb mənə qaytardı.

– İş çətin deyil, – o dedi. – Mallar budur (əli ilə işarə etdi). Hesabatları axşama hazırlayacam. O ki qaldı satış, reklam və digər məsələlərə – baş idarənin maliyyə müfəttişlərinin göstərişlərinə və alacağınız sənədlərə fikir verin.