Читать онлайн «İblisin vəkili»

Автор Эндрю Найдерман

Endrü Nayderman

İblisin vəkili

Gözəl bir xanıma, Anita Diamanta ithaf olunur

Proloq

Riçard Caffi tələsik addımlarla Nyu-York məhkəməsi binasının pilləkənləri ilə enirdi. O, bir qədər əvvəl parlaq qələbə qazanmış müdafiəçini yox, işi uduzmuş vəkili xatırladırdı. Az qala qaçır, bu zaman gur, göyümtül-qara saçları hər addımda yırğalanırdı. Yoldan ötənlər ona fikir vermirdilər. Onsuz da Nyu-Yorkda hamı daim harasa tələsir: kimi qatara gecikir, kimi tez taksi tutmaq istəyir, kimi də qırmızı işıq yanmamış yolu keçməyə can atır. İnsanlar çox vaxt gözəgörünməz, ancaq həmişə və hər yerdə mövcudluğu hiss olunan nəhəng bir ürəyin çırpıntılarına uyğun şəkildə Manhettenin damarları ilə o tərəf-bu tərəfə qaçışırlar. Bu ürək döyündükcə şəhərin nəbzini dünyanın heç bir başqa şəhərinə xas olmayan yüksək bir sürətlə vurmağa vadar edir.

Caffinin müştərisi Robert Fandi ləngiyib arxada qalmışdı. Müxbirlər onu əhatəyə alıb zəli kimi hər tərəfindən sallaşmışdılar. Onların hamısı eyni suallara cavab axtarırdı: mister Fandi, Aşağı İst-Saydın ən iri özəl su kəməri şirkətinin sahibi hədə-qorxu yolu ilə pul əldə etmək ittihamının öz üstündən götürülməsi barədə nə düşünür? Robert Fandinin prezident seçkilərində iştirak edəcəyi barədə gəzən söz-söhbətləri nəzərə alsaq, bu, nəticəsi əvvəlcədən bəlli siyasi proses deyildi ki? İddiaçı tərəfin əsas şahidi istintaq zamanı dediklərini nə üçün məhkəmədə təkrarlamadı?

‒ Xanımlar… Cənablar… ‒ Fandi pencəyinin döş cibindən Kuba siqarı çıxartdı. Onu dişlərinin arasında sıxıb yandırana qədər müxbirlər yerlərindən tərpənmədilər. Sonra o, ətrafına baxıb qımışdı. ‒ Zəhmət olmasa, bütün suallarınızı vəkilimə ünvanlayın. Axı mən ona həm də bunun üçün pul ödəyirəm.

Mister Fandi belə deyib bərkdən güldü.

Müxbirlər dərhal Riçarda tərəf çevrildilər. Riçard isə bu vaxt artıq «Con Milton və ortaqları» hüquq şirkətinin limuzininə minmək üzrə idi. Jurnalistlərin hamısından daha cavan və zirək bir gənc özünü pilləkəndən aşağı atıb qışqırdı:

‒ Mister Caffi! Mister Caffi! Bircə dəqiqə, xahiş edirəm!

Bu vaxt limuzinin qapısı çırpıldı, sürücü maşının ətrafında dövrə vurub sükan arxasında oturdu.

Məhkəmə müxbirləri öz həmkarlarının uğursuz cəhdinə ürəkdən güldülər. Limuzin yerindən tərpəndi.

Gərgin olduğu baxışlarındanca aydın sezilən Riçard Caffi oturacağa söykəndi.

‒ Ser, ofisə gedirik? ‒ sürücü soruşdu.

‒ Yox, Haron. Zəhmət olmasa, evə sür.

Zeytun rəngində dərisi olan misirli sürücü badamı gözlərini arxanı göstərən güzgüyə zilləmişdi, sanki büllur şara baxırdı. Gözlərini qıydığından onun tərtəmiz hamar sifətində qırışlar əmələ gəlmişdi. Sürücü başını azca tərpətdi, yəni «sizi başa düşdüm».

‒ Yaxşı, ser.

Haron maşını elə ciddi görkəmlə sürməyə başladı ki, sanki dəfn mərasimində qabaqda gedən cənazə arabasının sükanı arxasında oturmuşdu.

Riçard Caffi qımıldanmır, heç başını döndərib pəncərəyə də baxmırdı. O, dəbdəbəli limuzinin arxa oturacağında əyləşib gözlərini qabağa dikmiş, beləcə, meyit kimi quruyub-qalmışdı. Üzünün rəngi solmuş, açıq-mavi gözləri bozarmış, alnında qırışlar əmələ gəlmişdi: otuz üç yaşlı vəkil elə bil hər dəqiqə qocalırdı. Caffi əllərini yanaqlarına yaxınlaşdırıb astaca şappıldatdı, sanki onların çürüməyə başlayıb-başlamadığını yoxlamaq istəyirdi.