Читать онлайн «Gözəlçə»

Автор Şaybler Süzanna

Süzanna Şeybler

Gözəlçə

I fəsil

Filip Stakinin Hollivuddakı villasında ziyafət idi. Bu ziyafət adi kübar məclislərindən o qədər fərqlənmirdi. Bağa yığışmış şıq geyimli xanımlar və cənablardan kimisi terrasda, kimisi geniş çəmənlikdə İsveç masalarının böyründə yerini rahatlamışdı. Hamı yeyib-içir, söhbətləşirdi.

Dəvətlilərin əksəriyyəti cavan, ya da cavan görünməyə can atan qonaqlar idi. Kişilər açıqrəngli kostyumlar və eyni çalarlarda köynəklər geyinmişdilər. Belə kostyum-köynəklər onların Kaliforniya günəşi altında yanmış dərilərinin tunc rəngini daha qabarıq nəzərə çarpdırırdı. Kişilərin xarici görkəmlərindən onların hər gün tennis kortunda, idman klubunda və üzgüçülük hovuzunda xeyli vaxt keçirməklə özlərini formada saxlamağa çalışdıqları hiss olunurdu. Qüsursuz saç düzümləri və makiyajları olan xanımlardan ətrafa «Dior», «Armani», «Jivanşi» və «Unqaro» ətirlərinin başgicəlləndirici rayihəsi yayılırdı. Qadınların nəfis bər-bəzəklərini görənlər o dəqiqə anlayırdılar ki, bunları məhz Rodeo Drayvdan – bütün Qərb sahilindəki ən dəbdəbəli və yəqin, ən bahalı ticarət küçəsindən alıblar.

İspan üslubunda qurulmuş köşkdə bir dəstə qonaq Filip Stakinin onları əyləndirmək üçün pulla tutduğu hoqqabazı dövrəyə almışdı.

– Əziz xanımlar, – hoqqabaz arıq barmaqlarını iki qadının qabağa uzatdıqları ovucları üzərində sürətlə oynadırdı, – mənim sözlərimə diqqət verməyin: pul sözdən irəlidir! Təsəvvür edin ki, bank kreditlərini siz idarə edirsiniz. Nə varsa, sizin əlinizdədir, məndə heç nə yoxdur!

Bunu deyib o, gənc reportyor Süzan Braysonun ovcuna üç qızıl sikkə qoydu.

– Bir, iki, üç, – iri sikkələri saydıqdan sonra hoqqabaz Süzanın ovcunu yumdu və dördüncü sikkəni yanında durmuş qırmızı paltarlı qadının ovcundan götürdü.

Hoqqabaz hamının sikkəni görə bilməsi üçün onu başının üstünə qaldırdı və ətrafdakılara nümayiş etdirdi. Sonra o, ovcunu yumub açdı – sikkə yoxa çıxdı.

– Nə varsa, sizin əlinizdədir, məndə heç nə yoxdur! – hoqqabaz bayaqkı sözlərini təkrar edib Süzanın barmaqlarını araladı. Doğrudan, qızıl sikkələrin dördü də qızın ovcunda idi.

Ətrafdakılar gülüşdülər. Hoqqabaz isə doğurduğu təəssüratdan məmnun qalıb oyunu davam etdirdi:

– Amma, deyəsən, sizə qızılı etibar etmək olmaz. Bir pens də bəsdir.

O, Süzanın ovcundakı dördüncü sikkəni götürüb çevik hərəkətlə bir əlindən o birisinə atdı. Qızılı iri mis pula «döndərdi» və onu dərhal qırmızı geyimli qadına verdi, gülümsəyib sözünə davam etdi:

– Əlbəttə, siz qızıl sikkənin harada olduğunu bilmək istəyirsiniz. Diqqət!

Möcüzə baş verdi: qızıl sikkə Süzanın qulağının dibindən çıxdı.

Qonaqlar ürəkdən güldülər və hoqqabazı alqışladılar. Yığışanlar gözəl əhvali-ruhiyyədə idilər. Bu zaman yaşı otuzu keçmiş, qarnı pırtlamış və başı dazlaşmağa başlamış ev sahibi Filip Staki onların arxasında peyda oldu.

– Bir qulağa görə bir pens? Əladı ki! – hoqqabazın son əməlini görən Staki güldü. – Bəs qalanı neçəyədir?

Yaraşıqlı sarışın Süzan bu atmacaya cavab verməyə macal tapmamış Staki yanındakı cavan kişiyə tərəf döndü.

– Edvardı görməmisən, Mark? – soruşdu.