Erik Siqal
Bir sevgi tarixçəsi
Silviya Herşerə və Con Fləksmana
(«…mənim cızma-qaralarımın mənasız olmadığına, yəqin ki, inanırsınız…»)
1
Artıq həyatdan köçmüş iyirmi beş yaşlı bir qız haqqında nə demək olar?
Deyə bilərəm ki, o, gözəl idi. Ağıllıydı. Mosartla Baxın vurğunuydu. «Bitlz»i sevirdi. Bir də məni. Yadımdadı, o, yenə məni bu musiqiçilərlə eyni dəstəyə qatıb-qarışdırdığı günlərdən birində soruşmuşdum ki, yaxşı, bəs sən bizi hansı ardıcıllıqla sevirsən? Gülə-gülə cavab vermişdi: «Əlifba sırası ilə». Onda mən də gülmüşdüm. Amma indi oturub fikirləşirəm, tapmağa çalışıram: görəsən, o məni bu siyahıya adımla daxil edirmiş, yoxsa soyadımla? Əgər adımı nəzərdə tuturmuşsa, mən siyahının lap axırına düşürəm, Mosartın dalınca sürünürəm; yox, soyadımı götürürmüşsə, bir az irəliləmək imkanı qazanıram, Baxla «Bitlz»in arasına soxula bilirəm. İstənilən halda birinci olmamağım bəzi axmaq səbəblər üzündən məni əməlli-başlı əsəbiləşdirir. Xüsusilə ona görə ki həmişə, hər yerdə birinciliyə alışmışam. Yəqin, irsi əlamətdir, nəsilliklə belə olmuşuq.
Sonuncu kursun payızında meylimi Redkliff kitabxanasına salmışdım. Ona görə yox ki, pişik ətə baxan kimi mən də buradakı qızların ayaqlarına baxmağa gəlirdim.
Hərçənd, nə gizlədim, imkan düşəndə əldən vermirdim. Amma ən əsası, Redkliff kitabxanası sakit bir yer idi, burada hansısa tanış adama rast gəlib onun çənəsinin altına düşmək təhlükəsi yox idi, dərsliklərə olan tələbat isə bizim universitetin kitabxanasındakı qədər yüksək deyildi.Ertəsi gün növbəti tarix imtahanımı verməliydim. Harvard tələbələrinin səciyyəvi xəstəliklərindən biri də budur ki, onlar fənn müəlliminin tapşırdığı kitabları son ana qədər əllərinə almırlar. Tələsmədən kitabxananın qeydiyyat bölməsinə yaxınlaşdım və məni sabahkı biabırçılıqdan xilas edəcək dərsliyi istədim. Bölmədə, piştaxtanın arxasında iki qız dayanmışdı: biri – tennisçiyə bənzər uzundraz şey idi, digəri isə eynəkli siçanı xatırladırdı.
Mən «Dördgöz Siçan»ı seçdim.
– «Orta əsrlərin tənəzzülü» kitabınız varmı?
O, ötəri baxışla məni süzdü.
– Bəs sizin necə, öz kitabxananız varmı?
– Bura baxın, Harvard tələbələrinə Redkliff kitabxanasından istifadə etməyə icazə verilir, – deyə azacıq əsəbiləşdim.
– Qulaq as, bu lənətə gəlmiş kitab mənə çox lazımdır.
– Olmazmı ki, danışığına fikir verəsən, Preppi?
– Axı niyə belə əminsən ki, mən özəl hazırlıq kurslarını bitirmişəm?