Читать онлайн «Yağış adam»

Автор Леонора Флейшер

Leonore Fleyşer

Yağış Adam

Birinci fəsil

İşlər əla gedirdi. Qənbərqulusu çıxmamalı idi. Çarli Bebbitt ömründə bundan gözəl əməliyyat həyata keçirməmişdi. Dünyada sevdiyi, can atdığı nə vardısa, hamısı bu əməliyyatda cəmlənmişdi. Parlaq ideya, pul qoymadan böyük gəlir əldə etmək imkanı, sürətli dövriyyə, özü də hər şey qayda-qanun çərçivəsində. Əlbəttə, demək olmazdı ki, o, xeyriyyəçilik edirdi, amma heç kimin zorla pulunu dartıb əlindən almağa da hazırlaşmırdı. Uğursuzluğa düçar olmaq ehtimalı isə sıfıra bərabər idi. Hər halda, Çarli Bebbitt özünə belə deməli idi: bu işdə yanmaq mümkün deyil.

Sözsüz ki, danışıqları sürətlə aparmalı və elə etməli idi ki, xırdaca kələyinin üstü açılmasın. Çarlinin də ən çox xoşuna gələn məhz bunlar idi, çünki hər iki işi yaxşı bacarırdı. Gözə kül üfürmək məsələsində mahir ustanın qarşısında geniş fəaliyyət meydanı açılmışdı. Hazırlıq mərhələsinə həftələr sərf etmişdi, ancaq buna dəyərdi.

Ən çətini pul tapmaq idi. İki yüz min dollar. İyirmi yağlı yüzlük dəstəsi. Oğul istəyirdi bu pulun sahibini dilə tutub yola gətirsin. Bert Vayyat çox xəsis idi, hamıya şübhə ilə baxırdı, fırıldağı yüz addımdan hiss edirdi. Amma bu işdən fırıldağın heç iyi də gəlmirdi. Hər şey, hətta bütün zəmanətlər üzdə idi. Altı cağbacağ «lamborcini» limanda yan-yana düzülüb göz qamaşdırırdı.

Bu klassik avtomobillər öz vətənindən, «mamma mia» ölkəsindən təzəcə gətirilmişdi, hərəsinin səksən min dollara yaxın qiyməti vardı. Hamısı da onun idi. Hər halda, bu saat maşınlar ona məxsus idi. Nə qədər istəsə tamaşa edib ləzzət ala, «lamborcini»lərin hamar, par-par parıldayan yanlarını sığallaya, kapotu açıb altındakı təkmil mexanizmə, qüvvətli motorlara uzun-uzadı baxa, təzə təkərlərin və salonun yenicə silinmiş dəri örtüyünün iyini ciyərlərinə çəkə bilərdi. Bu iy ona qadın ətrindən də xoş gəlirdi.

– Kağızları gətirmişəm, budur, – Çarli Bebbitt şəstlə gömrük müfəttişinə dedi və deklarasiyaları təmiz dəvəquşu dərisindən üz çəkilmiş zərif «diplomat»ından çıxardı. – Altı «lamborcini», hamısı sonuncu model, biri gümüşü, ikisi qara, biri ağ. İkisinin isə üstü də qırmızıdır, içi də.

Çarlinin çərənləməsinə fikir verməyən müfəttiş kağızları alıb diqqətlə oxudu. Onları imzalayıb möhürünü basdı. İşini qurtardıqdan sonra – yalnız bundan sonra – Çarliyə baxdı.

– Əlil arabalarının yarışına çıxaracaqsan? – müfəttiş istehzalı gülüşlə soruşdu.

– Yox, «Miss Amerika» gözəllik yarışına çıxaracağam, – Çarli də gülümsəyib cavab verdi və fəxrlə sinəsini qabartdı.

O, ofisə qədər bütün yolu düşündüyü əməliyyatı dəfələrlə beynində fırlatdı. Zəif yer axtarırdı, amma birini də tapmırdı. Bu, əsl şedevr idi, Çarlinin yaşamaq uğrunda onillik mübarizəsinin kulminasiya nöqtəsi idi, bircə dollar artıq qazanmaq üçün onun-bunun qabağına qaçmasının sonu demək idi. Bu əməliyyat onu köhnə avtomobillər satan xırda alverçilər cərgəsindən dartıb çıxaracaqdı, sürət götürməyə, iri dilerlər, nüfuzlu avtosalon və dəbdəbəli nümayiş zalları sahiblərinin cərgəsinə qoşacaqdı. Əlvida, San-Pedro. Xoş gördük, Bel-Eyr!