Stiven Kinq
Şauşenkdən qaçış və ya cazibədar Rita Heyvort
Rass və Florens Doppa ithaf olunur.
I fəsil
Mən lazım olan hər şeyi yerin altından da olsa tapa bilən yaxşı oğlanlardanam. İstisnasız olaraq hər şeyi, lap cəhənnəmin dibindən şeytanın özünü də taparam. Belə oğlanlar Amerikanın istənilən federal həbsxanasında var. Ürəyinizdən xarici siqaret keçir? Buyurun! Oğlunuz, ya qızınızın buraxılış imtahanlarını, yaxud ad gününüzü, Milad bayramını qeyd etmək üçün, bəlkə də, elə-belə, heç bir səbəb olmadan bir şüşə brendi istəyirsiniz? Buyurun!
Mən Şauşenk həbsxanasına iyirmi yaşım yenicə tamam olanda düşmüşəm və bizim gözəl ailəmizin tək-tük üzvlərindənəm ki, tutduğum əmələ görə zərrə qədər də peşman deyiləm. Mən qətl törətmişəm. Əvvəlcə məndən üç yaş böyük olan arvadımın həyatını iri məbləğdə sığortaladım, sonra da onun atasının bizə hədiyyə etdiyi “Şevrole”nin əyləcini sıradan çıxartdım. Hər şeyi dəqiq ölçüb-biçmişdim. Bircə onu düşünməmişdim ki, arvadım yarıyolda dayanıb Kastl Hillə gedən qonşu qadını və onun balaca oğlunu maşınına mindirə bilər. Lazımi anda əyləc tutmayıb və maşın böyük sürət yığaraq avtobusları da vura-vura yoldan çıxıb, təpədən üzüaşağı şığıyıb. Şahidlər sonra iddia edirdilər ki, maşının sürəti saatda səksən kilometrdən az olmayıb və müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin özülünə çırpılan kimi məşəltək alovlanıb.
Soruşa bilərsiniz ki, mən günahımı yumuşammı? Özümə bəraət qazandırmışammı? Düzü, bu sözlərin tam mənasını anlamıram və həbsxana, yaxud koloniyada günahı necə yumaq mümkün olduğunu da bilmirəm. Məncə, bu, siyasətbazların söz oyunudur.
Bəlkə, mənim azadlığa çıxmaq ehtimalım olsaydı, həmin sözlərin bir mənası olardı. Ancaq bu, gələcəyin işidir. Gələcək isə elə bir şeydir ki, məhbuslar onun barəsində düşünməyi özlərinə qadağan edirlər. Başqa bir neçə belə şey də var.Mən cavan və yaraşıqlı, özüm də kasıb məhəllədən idim. Karbin-stritdəki ən dəbdəbəli evlərdən birində yaşayan gözəl və ağıllı bir qızı “ovlamışdım”. Qızın atası bircə şərtlə evlənməyimizə razı idi: gərək mən onun sahibi olduğu optika şirkətində işləyə və qocanın yolunu davam etdirəydim. Əslində isə qızın atasının məqsədi məni daim nəzarətdə saxlamaq idi – yaxşı təlim keçməmiş və hər an yiyəsini dişləyə biləcək vəhşi kimi. Bütün bunlar məndə elə böyük ikrah hissi oyadırdı ki, axırda törətdiyimə görə indi peşmanlıq çəkmədiyim işi gördüm. Ola bilsin, hər şeyi yenidən təkrar yaşamaq imkanım olsa idi, ayrı cür hərəkət edərdim. Ancaq bunun mənim “günahımı yumağım” və “günahımı dərk etməyim” anlamına gəldiyinə əmin deyiləm.