Pyotr lyukimson
Səlahəddin Əyyubi
Bir milləti döyüşsüz məğlub etmək istəyirsi nizsə, gənclərinin beynini zəhərləyin.
Səlahəddin Əyyubinin şəcərəsi
Yaxın Şərqin böyük sərkərdəsi və dövlət xadimi Səlahəddin Əyyubinin əsl adı Yusif ibn Əyyub idi. Onun uşaqlıq və yeniyetməlik çağları barədə məlumat son dərəcə azdır. Lakin fərqli qaynaqlarda yazılanlardan müəyyən nəticələrə gəlmək mümkündür.
Səlahəddinin babası Şadi (ərəb fonetikasına görə bəzən «Şadxi», hətta «Şazi» kimi də oxunur) indiki Ermənistan ərazisində yerləşən və günümüzə xarabalıqları gəlib çatan Dvin şəhərinə yaxın bir kənddə anadan olub. Həmin kənddə onun iki oğlu da dünyaya gəlib: Nəcməddin Əyyub və Əsadəddin Şirkuh.
Bir gün Şadi öz tayfasından böyük bir dəstə ilə birlikdə Bağdada – xəlifənin xidmətinə yollanır. Bu elə bir dövr idi ki, Bağdad xəlifəsi real hakimiyyəti çoxdan itirmişdi.
Az qala bütün Şərqi (Kiçik və Orta Asiya da daxil olmaqla) Səlcuq türkləri öz hegemonluğu altına almışdılar. Elə Bağdad da Böyük Səlcuq hökmdarı I Məlikşahın oğlu Sultan Məhəmməd Tapar tərəfindən idarə olunurdu.Bir müddət sonra sədaqətli xidmətinə görə Şadi Sultan Məhəmmədin vəziri Bəhruzun sayəsində Bağdadın 140 kilometr şimal-qərbində, Dəclə çayı sahilində inşa olunan Tikrit şəhərinə qalabəyi təyin edilir. Tikrit elə də böyük şəhər deyildi, lakin strateji əhəmiyyətə malik idi. Beləliklə, Şadi ölənəcən – 1132-ci ilədək qalabəyi vəzifəsini yerinə yetirir, dünyasını dəyişməzdən bir qədər əvvəl isə şəhərin idarəçiliyini oğlu Nəcməddin Əyyuba ötürür.