Читать онлайн «Makedoniyalı İsgəndər»

Автор Питер Грин

Piter Qrin

Makedoniyalı İsgəndər

Çox yaşayıb şöhrətə çatmamaqdansa, az yaşayıb şöhrətə çatmağı üstün tutardım.

Makedoniyalı İsgəndər

I FƏSİL

Makedoniyalı Filip

Miladdan öncə 356-cı ilin sentyabrında Makedoniyanın paytaxtı Pella şəhərindən bir çapar hökmdara təcili xəbər çatdırmaq üçün yola düşdü. Makedoniya ordusu həmin vaxt Potideya şəhərində idi. Çapar tələsirdi, çünki keçmiş səltənət naibi, indi isə özünü hökmdar elan etmiş Amintanın oğlu Filipin astagəllikdən xoşlanmadığını bilirdi. Əgər çapar hökmdarı üzdən tanımasaydı, Filipi öz sərkərdələrinin arasından zorla seçərdi: onların hamısı al-qırmızı rəngdə plaş geyinmiş, başlarına isə enli şlyapa qoymuşdular.

Hökmdarın iyirmi yeddi yaşı yenicə tamam olmuşdu; topa saqqallı, hündürboy adam idi, yeyib-içməyi xoşlayırdı. Çaparın gətirdiyi məktubu oxuyandan sonra Filipin əylənmək üçün yeni bəhanələri oldu: birincisi, çarın ən etibarlı sərkərdələrindən Parmenion indiki Albaniya və Serbiya ərazilərində məskunlaşan birləşmiş İlliriya və Peoniya orduları üzərində həlledici qələbə qazanmışdı. İkincisi, onun atları Olimpiya oyunlarında qalib gəlmişdi. Nəhayət, üçüncüsü: daha çox Olimpiada adı ilə tanınan arvadı Mirtala oğlan uşağı dünyaya gətirmişdi.

Sadalanan üç hadisə niyə Filip üçün belə böyük əhəmiyyət kəsb edirdi? Bu suala cavab verməkdən ötrü Makedoniyanın keçmişinə nəzər salmaq lazımdır.

Makedoniya coğrafi və etnik cəhətdən iki hissəyə – dağlıq və düzənlik əraziyə bölünmüşdü. Cənubi Makedoniya münbit düzənlikdə yerləşirdi. Bu vilayət ilk dövlət mərkəzi olmuşdu. Filip paytaxtı Pellaya köçürməmişdən əvvəl ölkənin paytaxtı mənzərəli qala-şəhər Aigai idi.

Meyvə ağacları ilə bol olan bu yeri xalq arasında «Midas bağları» adlandırırdılar.

Şimali Makedoniya – çətin keçilən bu dağlıq ərazi isə bir vaxtlar üç dövlətə bölünmüşdü: Elmiya, Orestida və Linkestida. Əvvəllər bu vilayətlər müstəqil idi və hər birini təkəbbürlü sülalələr idarə eləyirdi. Makedoniyanın qərb qonşuları olan Epir çarları iddia edirdilər ki, onların sülaləsi Axillesin nəvəsindən törəyib. Bu isə yeni doğulan körpənin – İsgəndərin gələcək həyatında mühüm rol oynayacaqdı, çünki anası Olimpiada məhz həmin nəsildən idi.

Makedoniya hökmdarları olan Argeadlar sülaləsi isə öz şəcərəsini Herakldan götürmüşdülər. Herakl Zevsin oğlu sayıldığından, onlar özlərini «Zevsin törəmələri» adlandırırdılar (Filipin kəsdiyi sikkələrə həmişə Zevslə Heraklın təsviri həkk olunurdu). M. ö. V əsrə qədər Şimali Makedoniyada hökmdarlar Argeadlardan çıxırdı.

Argeadların sarayında qətllərin və hakimiyyətin qəsb edilməsilə nəticələnən intriqaların ardı-arası kəsilməzdi, bu səbəbdən də Filipə qədər Makedoniya yunan tarixində əhəmiyyətli yer tuta bilməmişdi.