Əkbər N. Nəcəf
ÖGEDEY
"Məndən sonra yerimə Ögedeyin keçməsini istəyirəm. Onu ağıllı, uzaqgörən və təcrübəli olduğu üçün buna layiq bilmişəm".
I FƏSİL
ÇİNGİZİN XƏLƏFİ
Çingiz xan (1155–1227) öləndə oğlu, eyni zamanda xələfi olan Ögedeyə viran qalmış bir dünya miras qoymuşdu: Asiyanın bir ucundan o biri ucuna qədər yüz lərlə şəhər, onlarla ölkə monqol atlarının dırnaqları altında xaraba qalmışdı. Milyonlarla insan özünü «Tanrının qəzəbi» hesab edən monqol xanının qurbanına çevrilmişdi. Çingiz xan hakimiyyəti boyunca yalnız istilalarla və cəzalandırmaqla məşğul oldu. Onun yaratdığı və adını Monqol qoyduğu dövlətin əsl yüksəlişi oğlu Ögedeylə bağlıdır.
Oktay adı Azərbaycan və Anadoluda çox sevilən, populyar adlardan biridir. Bu ad Böyük Monqol hökmdarı Ögedeyin adının türkcə tələffüzüdür. Atasından sonra monqolların xanı seçilən Ögedey Çingizin övladları arasında ən ağıllısı hesab edilirdi. Ancaq bütün monqol kişiləri kimi, içkiyə olan düşkünlüyü onun da ölümünü tezləşdirəcəkdi…
Elxanlı dövrü (1258–1357) tarixçilərindən Ata Məlik Cüveyninin yazdığına görə, Çingiz xan hakimiyyətinin son illərində çox narahat idi. Belə ki, onu dövlətinin özündən sonrakı aqibəti hədsiz düşündürürdü. Çingiz xan uzun götür-qoydan sonra varis olaraq ortancıl oğlu Ögedeyi müəyyənləşdirmişdi. Odur ki digər oğullarına və əmirlərinə gələcəkdə Ögedeyin hakimiyyəti altında birləşmək barədə ardıcıl məsləhətlər, nəsihətlər verirdi.
Qardaşlarından öz ağlı və fərasəti ilə fərqlənən Ögedey mərhəmətliliyi ilə də onlardan müəyyən qədər seçilirdi.
Atasının vəfatından bir il sonra, yəni 1228-ci ildə keçirilən qurultayda xan seçilən Ögedey 1241-ci ilə qədər Monqol taxtında oturdu. Hakimiyyəti uzun sürməsə, cəmi 13 il davam etsə də, o, Monqol dövlətinin qüdrətini artırdı və onu gücləndirdi. Buna görə də Ögedey «monqol əsrinin» qurucusu sayılır. Atasının ona buraxdığı əraziləri iki dəfə genişləndirən Ögedey nəticədə Avrasiya qitəsinin, az qala, dörddən üçünə hökm eləmişdir. İnsanlıq tarixində nə ondan əvvəl, nə də sonra heç bir hökmdar yer üzündə bu qədər böyük əraziyə sahib ola bilməyib.
Çingiz xan monqol hökmdarı kimi öldü. Oğlu Ögedey isə türk-monqol xanı kimi həyata gözlərini yumdu. İmperiyanın idarəsini müsəlman-türk bürokratlara tapşıran Ögedey, uyğur əlifbasını qəbul etməkdən çəkinməmiş, nəticədə dövlətin bütün hesab-kitab işləri türk məmurlarının əlində cəmləşmişdi. Beləliklə, Monqol imperiyasının idarəçiliyində monqolların təsirini kəskin azaldan Ögedey, eyni zamanda atasının vəsiyyətini çeynəyən ilk monqol kimi tarixə düşdü. Belə ki, Çingiz xanın öz adını daşıyan qanunlar toplusu («Çingiz xan yasası») və hakimiyyətin ötürülməsi haqqında vəsiyyəti var idi. Həmin vəsiyyətində Çingiz xan «monqolların bir-birinə düşmən olmamasını, idarəçiliyi daim öz əllərində saxlamasını» məsləhət görür, monqol irqinin aliliyini ifadə edirdi. Ancaq Ögedey monqollardan daha yüksək bacarığa malik türk və çinli dövlət adamlarını idarəetmə sisteminə yerləşdirməklə atasının həmin vəsiyyətindən kənara çıxmışdı.