Erik Deşodt
Attila
Tanrı yolunu azmış xalqları cəzalandırmaq üçün məni göndərib.
Hunlar
Ölümündən min beş yüz ildən çox vaxt keçsə də, Attilanın adı Qərbdə hələ də olduqca məşhurdur. Bu ad təkcə Roma imperiyasının yüksəlişini və süqutunu araşdıran tarixçilərə deyil, geniş ictimaiyyətə yaxşı tanışdır. Onlar Attila və mənsub olduğu hun xalqı haqqında oxumağa, öyrənməyə böyük maraq göstərirlər. Hərçənd hər ikisinin adı əksər qərblilər üçün qanlı qırğınların, dağıntıların sinoniminə çevrilib.
Əslində, Attiladan öncə də hunlar hər tərəfə lərzə salmışdılar. Bu cəsur, döyüşkən xalqdan söz düşəndə çoxlarının canına vəlvələ düşürdü. Attilanın ortaya çıxması ilə həmin qorxu daha da artdı, son həddə çatdı.
Hunlar Şərqi Sibirdə, Monqolustanın şimalında məskunlaşmışdılar. Onlar Sakit okeandan Atlantik okeana, Çindən Avropaya qədər dörd bir yana hücum çəkmiş, ucsuz-bucaqsız əraziləri ələ keçirmişdilər. Hunların qurduğu imperiyanın sərhədləri xüsusilə Attilanın dövründə daha da genişlənmişdi.
Hunlar dedikdə ağıla ilk növbədə yay və oxla silahlanmış atlılar gəlirdi. Doğrudan da, onlar at sürməkdə, ox atmaqda olduqca mahir idilər.
Türk-monqol mənşəli olan hunlar ucsuz-bucaqsız çölləri at belində ötüb-keçməyi bacarırdılar. O dövrdə bunu bacaran insanlara (deməli, həm də hunlara!) isə az qala fövqəltəbii varlıq kimi baxırdılar.
1737–1794-cü illərdə yaşamış tanınmış ingilis tarixçisi Qibbon hunları monqollarla eyniləşdirirdi. Başqa bir görkəmli ingilis tarixçisi və publisisti Con Men isə 2005-ci ildə çap etdirdiyi «Attila» kitabında bu fikri qətiyyətlə təkzib edərək yazır: «Bu əsla ola bilməz.
Belə ki, hunların məskunlaşdığı əraziyə monqollar 500 il sonra gəlmişdirlər». İngilis alimi fikrini çoxsaylı elmi qaynaqlar, etibarlı mənbələr əsasında apardığı araşdırmalarla əsaslandırır. O təəssüflənir ki, bu günəcən hun dilində hər hansı mətnə rastlanmayıb. Çünki hər xalqın mənşəyi ilk növbədə onun doğma dilində özünü göstərir.Con Menlə razılaşmamaq mümkünsüzdür: təkcə Attilanın özünün kifayət qədər katibləri olsa da, onun dövründən belə hun dilində hər hansı yazılı mətn günümüzə gəlib çatmayıb. Ən azından elm aləminə bu cür mətn məlum deyil. Hunlardan dil faktı olaraq bizə gəlib çatan vur-tut müəyyən adlardır. Üstəlik, həmin hun adları yüzilliklər boyunca müxtəlif dəyişikliklərə uğrayıblar. Bununla belə, onlar az da olsa, hunların dili barədə təsəvvür yaradır; məsələn, müxtəlif xalqlar tərəfindən fərqli tələffüz edilsə və yazılsa da, Attilanın əmisinin adı «Oktar»dır. «Oktar» isə qədim türkcədə «qüdrətli» mənasını verir. Alimlər bunun təsadüf olmadığı qənaətindədirlər. Belə ki, Attila dövrünün bir çox görkəmli simalarının adı da məhz türk kökənlidir. Attilanın atasının adı Mundzuk, yəni Muncuqdur. Bu ad ümumtürk coğrafiyasında indinin özündə də çox işlənir. Onun digər əmisi Aybarsın, oğlu Ernakın («qəhrəman» deməkdir) adları da həmçinin…