Читать онлайн «Hekayələr»

Автор По Эдгар Аллан

Edqar Allan Po

Hekayələr

QARA PİŞİK

Danışacağım bu heyrətləndirici əhvalata inanacağınızı sanmıram, sizi inanmağa da məcbur etmirəm. Mənim özümün inanmadığım bir şeyə sizləri inandırmağa çalışmağım dəlilik olardı. Bununla belə, dəli deyiləm və xəyal da görməmişəm. Amma sabah öləcəyim üçün bu gün içimi boşaltmaq istəyirəm. Məqsədim müxtəlif düşüncələr, fərziyyələr irəli sürmədən hər kəsə açıq, qısa şəkildə evimdə olub-keçənləri başa salmaqdır. Bu hadisələr ən sonda məni dəhşətə salıb şiddətli, çox böyük sıxıntılar içində qıvrandırdı və çökməyimin səbəbi oldu. Bununla belə, bunları açıqlamağa çalışmayacağam. Mənə dəhşətdən başqa bir şey verməyən bu hadisələr başqalarına qorxunc gəlmədiyi kimi, şişirdilmiş də görünə bilər. Bəlkə, irəlidə, məndən daha sakit, daha şüurlu və daha az təsir altında qalan biri danışacağım şeylərin bir-birini təbii formada izləyən hadisələrdən başqa bir şey olmadığını ortaya qoyub gördüyüm qarabasmanı gerçəklik sadəliyinə endirəcəkdir.

Uşaqlığımdan bəri itaətkarlığım və hər kəsə, hər şeyə mərhəmət hissim diqqət çəkirdi. Bu mərhəmət hissi məndə o qədər çox idi ki, dostlarımın ələsalmalarından yaxamı qurtara bilmirdim. Xüsusilə də heyvanlara qarşı belə idim və ailəm bir çox heyvan bəsləməyimə göz yummaq məcburiyyətində qalırdı. Vaxtımın çoxunu bu heyvanlara ayırır, ən yaxşı dəqiqələrimi onları bəsləyib əzizləyəndə yaşayardım. Bu qəribə xüsusiyyət yaşım artdıqca bir hobbiyə çevrildi; insana çox bağlı və sadiq bir iti sevənlərə bu zövqü anlatmağım gərəksizdir. Eqoistlikdən tamamilə uzaq və heç bir mənafe gözləməyən heyvanın sevgisi ilə insanın heç də sağlam təməllərə dayanmayan dostluğu bir-birindən çox fərqlidir.

Gənc yaşımda evləndim və arvadımın zövqlərinin də mənimkilərə uyğun olduğunu görərək çox sevindim. Mənim ev heyvanlarına aludəliyimi görən arvadım rastlaşdığı ən yaxşı heyvan çeşidlərini evə daşıdı. Quşlarımız, qızılbalıqlarımız, əla bir itimiz, dovşanlarımız, kiçik bir meymunumuz və bir pişiyimiz oldu. Çox iri və gözəl olan bu pişik qapqara və son dərəcə ağıllı idi.

Onun ağlından söhbət açılmışkən, köhnə inanclara heç də bel bağlamayan arvadım qədim bir inanca görə bütün qara pişiklərin başqa cildə girmiş ifritələr olduğunu deyirdi. Arvadım bunu zarafatla deyərdi, indi ağlıma gəldi deyə bunu qeyd elədim. Adı Pluton olan bu pişik ən çox sevdiyim, baxdığım heyvan idi. Onu, sadəcə, mən bəsləyərdim. Evin içində hara getsəm, arxamca gələrdi. Küçədə belə məni müşayiət edərdi.

Dostluğumuz bu yolla illərlə davam etdi. Təəssüflər olsun ki, içki aludəçisi oldum (söyləməyə utanıram), xasiyyətim tamamilə dəyişdi, pisliyə tərəf yönəldi. Hər keçən gün bir az daha əsəbi, cəncəl, başqalarının hislərinə qarşı sayğısız oldum. Arvadıma da ağzıma gələni deyirdim. Getdikcə daha da pisləşərək döymək həddinə qədər çatdım. Bu arada evdəki heyvanlar da xasiyyətimdəki dəyişiklikdən paylarını almaqda gecikmədilər. Yalnız baxımsız qoymaqla qalmayaraq onlarla pis davranmağa da başladım. Bununla belə, Plutona olan hədsiz sevgim ona qarşı sərt davranmağıma, demək olar ki, mane olurdu. Amma dovşanları, meymunu və iti ətrafımda görüncə təpikləmədən özümü saxlaya bilmirdim. İçkinin təsiri ilə xəstəliyim getdikcə artırdı; əyyaşlıqdan betər xəstəlik varmı?! Artıq xeyli yaşlanmış Pluton da təpiklərdən “payını” almağa başladı.