Читать онлайн «Hekayələr»

Автор Лев Толстой

Lev Tolstoy

Hekayələr

(Knyaz D. Nexlyudovun qeydlərindən)

Dünən axşam mən Lütsernə gəldim və buranın ən yaxşı mehmanxanası hesab olunan Şveytserqofda qaldım.

"Lütsern dörd mahala məxsus gölün sahilində yerləşən qədim vilayət şəhəridir, – Murrey deyirdi, – İsveçrənin ən axarlı-baxarlı guşəsidir: burada üç əsas yol kəsişir, buradan dünyanın ən əzəmətli mənzərələrindən olan Riqi dağına gəmi ilə cəmi birsaatlıq yoldur".

Bu nə dərəcədə doğrudur, deyə bilmərəm, ancaq bələdçilər də eyni şeyi təkrar edirdilər, buna görə də bütün millətlərdən olan səyyahların, xüsusilə ingilislərin Lütserndə sayı-hesabı yoxdur.

Şveytserqofun beşmərtəbəli gözəl binası sahil küçəsində, lap gölün kənarında bu yaxınlarda tikilmişdir. Qədim zamanlarda həmin bu yerdə çatma tağlı, üstüörtülü, dolanbac, künclərində kiçik kilsələri olan taxta körpü var idi. İndi isə ingilislərin buraya böyük axını, onların tələbləri, zövqü və pulları sayəsində köhnə körpü uçurulmuş, yerində tir kimi düz, kürsülü sahil düzəldilmişdir. Sahil küçəsində isə düzünə, dördkünc beşmərtəbəli evlər salınmışdır: evlərin qabağında iki cərgə cökə ağacları əkilmiş, cökələrə dirək vurulmuş və aralarına, adət üzrə, yaşıl skamyalar qoyulmuşdur. Bura gəzinti yeri idi, başlarına İsveçrə istehsalı olan həsir şlyapalar qoymuş ingilis xanımları ilə əyinlərində davamlı və rahat paltarları olan kişiləri burada gəzişir və öz əlləri ilə yaratdıqlarından həzz alırdılar. Bu sahil küçəsi, evlər, cökə ağacları və ingilislər burada, çox əzəmətli, bununla belə, ifadəedilməz dərəcədə ahəngdar və zərif təbiətin qucağında deyil, haradasa başqa bir yerdə, bəlkə də, çox yaxşı görünə bilərdilər.

Mən yuxarı, öz otağıma qalxıb gölə baxan pəncərəni açan kimi suların, dağların, səmanın gözəlliyi ilk anda elə bil gözlərimi qamaşdırıb məni sarsıtdı. Daxili narahatlıq duydum, qəlbimi birdən-birə dolduran nəyinsə artıqlığını birtəhər ifadə etmək ehtiyacı hiss etdim.

Bu dəqiqələrdə kimi isə qucaqlamaq, bərk-bərk qucaqlamaq, qıdıqlamaq, çimdikləmək, bir sözlə, nə isə qeyri-adi bir iş tutmaq istəyirdim.

Axşam saat yeddi idi. Bütün günü yağış tökmüşdü, indi isə hava açılırdı. Yanan kükürd kimi gömgöy olan göl nöqtə boyda görünən qayıqları və onların silinən, hamar izləri ilə birlikdə müxtəlif yaşıl sahillərin arasında yayılaraq sanki pəncərələrin qarşısında qabarır, qabağa cumur, iki nəhəng çıxıntının arasında sıxılır və tutqunlaşaraq bir-birinin üstünə qalanmış dərələrə, dağlara, buludlara və buzlaqlara dirənərək görünməz olurdu. Ön planda qamışlı, çəmənli və bağ-bağatlı, açıq-yaşıl rəngə çalan yaş, hərəkətli sahillər, ondan sonra isə uçuq qəsrləri olan tünd-yaşıl pöhrəli, kol-koslu təpələr görünürdü; lap arxada isə ağ-bənövşəyi rəngli yumru dağlar, ecazkar qayalıqlar və ağ qarlı zirvələr vardı və bütün bunlar havanın zərif və şəffaf maviliyinə, səmanın parçalanmış yerindən süzülən isti quru şüalarına qərq olunmuşdu. Nə göldə, nə dağlarda, nə də səmada bütöv bir xətt, tam rəng, eyni məqam tapmaq mümkün idi; hər yerdə hərəkət, əlvanlıq, ecazkarlıq, kölgələrin, xətlərin sonsuz qarışıq və müxtəlifliyi vardı. Hər şeydə dinclik, zəriflik, gözəlliyin vəhdəti və zəruriliyi duyulurdu. Burada, bu qeyri-müəyyən və dolaşıq təbii gözəllik içərisində, lap pəncərənin qarşısında ağ tir kimi səfehcəsinə uzanan sahil küçəsi, dirək vurulmuş cökə ağacları və yaşıl skamyalar – insanların yaratdığı bu miskin və bayağı əsərlər uzaq bağ-bağat və uçmuş qəsrlər kimi gözəlliyin ümumi ahənginə qərq olmayıb, əksinə, onu kobudcasına pozurdu. Nəzərlərim istər-istəməz, ara vermədən sahil küçəsinin bu dübbədüz xətti ilə toqquşurdu və xəyalən onu, gözümün altına, burnuma düşmüş qara ləkə kimi silib atmaq və məhv etmək istəyirdim; lakin sahil küçəsi orada gəzişən ingilislərlə birlikdə öz yerində dayanmışdı və mən, ixtiyarsız olaraq, elə bir baxış guşəsi axtarmağa çalışırdım ki, ordan bu küçə gözümə görünməsin. Mən belə baxmağı öyrəndim və naharadək öz-özümə təbiətin gözəlliyini tək seyr etdiyim zaman duyduğum natamam, lakin şirin, üzücü hislərdən həzz aldım.