Читать онлайн «Hekayələr»

Автор Герберт Уэллс

Herbert Uells

Seçmə hekayələr

PƏRİLƏR ÖLKƏSİNDƏ

– Bax bu dükanda Pərilər ölkəsində olmuş bir oğlan işləyir, – həkim dedi.

– Cəfəngiyatdır, – deyə cavab verib dükana göz gəzdirdim.

Bu adi kənd dükanı eyni zamanda poçt idarəsi kimi də fəaliyyət göstərirdi. Damının altından teleqraf xətləri uzanıb gedirdi. Qapısının ağzına fırçalar, sinklənmiş vedrələr, pəncərəsinə çəkmələr, köynəklər, konserv qutuları düzülmüşdü.

Azacıq sükutdan sonra soruşdum:

– Bu nə əhvalatdır belə?

– Nə bilim, – həkim cavab verdi, – adi kənd şayiəsidir də… Oğlanın adı Skelmersdeyldir. Amma kənd camaatı inanır ki, deyilənlər həqiqətdir.

Bir müddət keçmiş yenidən bu söhbətə qayıtdım.

– Axı bu barədə dəqiq bir şey bilmirəm… Düzü, heç bilmək də istəmirəm, – həkim dedi. – Bir dəfə onun sınmış barmağına sarğı qoyurdum: kriket oyununda sındırmışdı – subay oğlanlar evlilərə qarşı oynayırdılar. İlk dəfə onda bu söhbəti eşitdim, vəssalam! Özünüz görürsünüz də kimlərlə işləməli oluram. İndi gəl bu cür mövhumatçı adamlara müasir sanitariyanın prinsiplərini öyrət!

– Eh, nə deyəsən… – deyə onun halına acıdım. O isə Bounamda kanalizasiyanı necə təmir etdikləri barədə danışmağa başladı. Nə vaxtdır fikir verirəm ki, bizim səhiyyə işçilərini daha çox belə məsələlər maraqlandırır. Yenə də ona ürəyim yandığından təskinlik verməyə başladım, amma faydası olmadı. Hətta Bounam sakinlərini “eşşək” adlandıranda belə ona dəstək olmaq üçün ordakıların “nadir eşşəklərdən” olduğunu desəm də, bu, həmsöhbətimi ovutmadı.

Bu söhbətdən bir müddət sonra, yayın ortasında “Ruhun patologiyası” adlı traktatımı başa çatdırdım. (Məncə, onu yazmaq, oxumaqdan daha çətin idi. ) İçimdə baş qaldırmış xəlvət bir guşəyə çəkilmək istəyi məni Biqnor kəndinə apardı. Bir fermerin evində yerləşdim və tezliklə tütün axtara-axtara yolumu yenidən bu dükana salası oldum. Dərhal yadıma “Skelmersdeyl” – satıcının adı düşdü.

– Başqa heç nə lazım deyil ki, cənab? – o, qəbzin üzərinə əyilərək məndən soruşdu.

– Siz cənab Skelmersdeylsiniz? – deyə soruşdum.

– Bəli, özüdür ki var, – başını qaldırmadan cavab verdi.

– Düzdür ki, siz Pərilər ölkəsində olmusunuz?

O, başını qaldırıb mənə baxdı; qaşları çatılmış, sifəti acıqlı görkəm almışdı.

– Bunun sizə dəxli yoxdur! – deyərək qəzəblə düz gözümün içinə baxdı, sonra yenidən hesabla məşğul oldu.

– Dörd… altı şillinq yarım edir, – bir qədər dayanıb əlavə etdi, – təşəkkür edirəm, cənab.

Bax mənim cənab Skelmersdeyllə tanışlığım beləcə xoşagəlməz halda baş verdi. Amma sonralar xeyli səy göstərərək onun etibarını qazanmağa müyəssər oldum.

Növbəti dəfə onunla kənd yeməkxanasında rastlaşdım. Bura axşamlar, şam yeməyindən sonra bilyard oynamağa gəlir, gündüzlər işimlə əlaqədar uzaq gəzdiyim tanışlarla ordan-burdan söhbət edirdim. Min cür dil töküb onu bizə qoşulub bir partiya bilyard oynaması üçün yola gətirdim. Sonra da söhbət etmək üçün bir kənara çəkdim. Yaxşı anlayırdım ki, belə məqamda Pərilər ölkəsi barədə sorğu-sual etmək yerinə düşməz. Başqa hər cür mövzuda isə o, hamı kimi həvəs və xatircəmliklə fikir yürüdürdü. Ancaq elə ki söz bir balaca pərilərdən düşdü, dərhal qaşqabağı yer süpürürdü: bu, qadağan olunmuş mövzu idi. Bir dəfə, bilyard oynayanlardan birinin onun məlum macərasına eyham vurduğuna şahid oldum. Bu adam ona oyunda uduzmuş muzdur – küt kənd uşağı idi. Skelmersdeyl ardıcıl bir neçə duplet etdi ki, bu da biqnorlular üçün qeyri-adi bir hal idi.