Читать онлайн «Hekayələr»

Автор Франц Кафка

Frans Kafka

Seçmə hekayələr

ÇEVRİLMƏ

I

Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza elə yatağındaca əcaib bir həşərata çevrildiyini hiss etdi. Bağa çanağı kimi qartımış kürəyi üstə uzanıqlı halda başını ehmalca dikəldən kimi yarısı sürüşüb yerə düşən yorğanın qırağından qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını, başqa əzalarından xeyli cılız olan və qaynaşan saysız-hesabsız xırda ayaqlarını gördü.

Sonra Qreqorun nəzərləri pəncərəyə dikildi, – yağış damcılarının çöl tərəfdən məhəccərin dəmirlərini necə döyəclədiyi eşidilirdi, – havanın belə tutqun olması ovqatını tamam korladı. Fikirləşdi ki, bir az da yatıb bu həngaməni unutmaq heç də pis olmazdı. Amma bu əsla mümkün olan iş deyildi. O, sağ böyrü üstə yatmağa adətkardı, indiki halında isə həmin vəziyyətə qayıtması çox müşkül məsələ idi. Sağ böyrü üstə çevrilməyə ha çalışdısa da, bundan bir şey çıxmadı, yenə qayıdıb kürəyinin üstünə düşdü. Bir-birinə dolaşan miskin ayaqcıqlarını görməsin deyə gözlərini yumdu, bir xeyli əlləşib-vuruşdu və yalnız böyründə küt ağrı hiss edəndə fikrindən daşındı. Düşündü: “Pərvərdigara, mən özümə nə cəncəl sənət seçmişəm! Həmişə yollarda, həmişə səfərlərdəyəm, çöldə isə iş-gücün baş ağrıları ticarət evindəkindən qat-qat artıq olur, hələ üstəlik də, gərək yolun hər cür əziyyətinə dözəsən, qatarların hərəkət cədvəlini əzbərləyəsən, vaxtı-vədəsi bilinməyən dadsız yeməklərə qane olasan, cürbəcür təzə adamlarla ayaqüstü, başdansovdu ülfət bağlayıb qeyri-səmimi münasibətlər qurasan. Cəhənnəm olsun hər şey!”

Qarnının yuxarı hissəsində nəsə yüngül qaşınma hiss etdi; başını rahat qaldırmaq üçün kürəyi üstə çətinliklə də olsa çarpayının baş tərəfindəki dəmir çubuqlara doğru sürünüb qaşınan yeri tapdı. Həmin yer xırda ağ ləkələrlə örtülmüşdü, sısqa qıçların biriylə o yeri yoxlamaq istəyib tez də onu geri çəkdi, çünki adi bir toxunuş bədəninə vicvicə salırdı.

Sürüşüb əvvəlki vəziyyətinə qayıtdı.

“Yuxudan tez durmaq, həqiqətən, adamı gic eləyər, − deyə öz-özünə düşündü, − gərək doyunca yatıb yuxunu alasan. Başqa kommivoyajerlər kefləri istəyən kimi yaşayırlar. Mən sifarişlərin üzünü köçürmək üçün günorta hotelə qayıdanda bu cənablar hələ səhər yeməyini yeyirlər. Əgər mən də özümü onlar kimi aparsaydım, sahibkar məni əlüstü işdən qovardı. Amma bəlkə də, bu mənim xeyrimə olardı. Valideynlərimin xətrinə səbrimi basıb dözməsəydim, işdən çıxmaq istəyimi çoxdan bəyan edər, lap yaxınlaşıb haqqında nələr düşündüyümü sahibkarın düz gözünün içinə söyləyərdim. Onda baxardım ki, bunu eşidəndə kontordan təpəsi üstə necə yerə aşır! Sən bir onun ədasına bax, kontorun qırağında oturub xidmətçilərlə elə oradanca danışır – üstdən-aşağı, bu azmış kimi, gərək ona lap yaxın durasan ki, bəs qulağı ağır eşidir. Amma hələ ümid var, valideynlərimin borcunu ödəmək üçün bir az pul toplayan kimi elə belə də edəcəyəm. Bu məsələ beş-altı ilə başa gəlsə də, eybi yoxdur, onda biz biryolluq vidalaşarıq. İndi isə gərək qalxam, saat beşdə qatarım yola düşür”.