Konstantin Paustovski
Seçmə hekayələr
TOXUCU NASTYA
Gecə Alatau dağında güclü tufan qopdu. Göy gurultusundan qorxan iri, yaşıl cırcırama hospitalın pəncərəsindən hoppanıb krujevalı pərdəyə qondu. Yaralı leytenant Rudnev çarpayısında dikəlib uzun-uzadı cırcıramaya və pərdəyə tamaşa elədi. Göyümtül işıqlı, şiddətli ildırım çaxdıqca pərdənin üzərindəki mürəkkəb naxışlar – qabarıq qızılgül və kəkilli xoruz təsvirləri gözə çarpırdı.
Səhər açıldı. Bayırda tufandan sonrakı sarı səma göz oxşayırdı. Rəfiqələr kimi yanaşı çıxmış iki göyqurşağı zirvələrdə boy göstərirdi. Pəncərə altlığındakı yabanı güllərin yaş ləçəkləri qızmar kömür kimi alışıb-yanırdı. Hava boğanaq idi. Yaş qayalardan buğ qalxırdı. Uçurumda diyirlənən çay daşlarının gurultusu eşidilirdi.
– Bu da Asiya! – Rudnev dərindən nəfəs aldı. – Amma krujevalı pərdə bizimkidir – şimala aiddir və onu hansısa gözəl bir Nastya toxuyub!
– Niyə belə düşünürsünüz ki? – deyə soruşdum.
Rudnev gülümsədi.
– Leninqrad ətrafında, bizim hərbi batareyada baş vermiş hadisəni xatırladım, – deyə cavab verdi.
O bu hekayəni danışmağa başladı.
1940-cı ilin yayında leninqradlı rəssam Balaşov şimal tərəflərə ov etməyə və rəsm çəkməyə getmişdi. Köhnə çay gəmisindən düşüb elə xoşuna gəldiyi ilk kənddəcə məskunlaşmış, kənd müəlliminin evində qərar tutmuşdu. Bu kənddə meşəbəyi atası ilə birgə yaşayan Nastya adlı qız vardı. Kənddə gözəlliyi və yaxşı toxuculuğu ilə ad çıxarmışdı. Nastya bütün şimal qızları kimi sakittəbiətli, qonurgözlü bir qız idi.
Bir dəfə onun atası necəsə meşədə ov edən Balaşovu ehtiyatsızlıqdan güllə ilə yaralamışdı.
Sinəsindən yaralanmış rəssamı tez kənd müəlliminin evinə gətirmişdilər. Bədbəxt hadisədən dilxor olmuş qoca meşəbəyi yaralıya qulluq göstərməsi üçün qızını müəllimin evinə yollamışdı. Beləcə yaralıya qulluq göstərə-göstərə Nastyanın qəlbində ona qarşı saf məhəbbət baş qaldırmışdı. Amma utancaqlığı üzündən sevgisini büruzə verə bilməmiş, rəssam da heç bir şey hiss etməmişdi.Balaşovun Leninqradda arvadı var idi, amma o heç vaxt evli olduğu barədə nə kənddəkilərə, nə də Nastyaya bir söz deməmişdi. Kənddə hamı belə hesab edirdi ki, Balaşov subay, tənha adamdır.
Yarası sağalan kimi Balaşov Leninqrada getmişdi. Yola düşməzdən əvvəl isə gələcəyini qabaqcadan xəbər vermədən Nastyagilin evinə gedərək qıza göstərdiyi qulluğa görə hədiyyə vermiş, Nastya da bu hədiyyəni məmnuniyyətlə qəbul etmişdi. Balaşov ilk dəfə idi ki, şimal kəndlərinə qonaq gəlmişdi, buranın adət-ənənəsindən xəbərsiz idi. Şimalın qayda-qanunları möhkəm və uzunmüddətli olur, yeni zəmanənin təzyiqi altında dərhal sarsılmır. Balaşov haradan biləydi ki, bir kişi qız evinə xəbərsiz gəlib hədiyyə gətirirsə və bu hədiyyə də qəbul edilirsə, kişi həmin qızın nişanlısı sayılır. Bax şimalda məhəbbət belə izhar olunurdu!
Nastya utana-utana rəssamdan soruşmuşdu ki, Leninqraddan nə vaxt kəndə qayıdacaq. Heç bir şeydən şübhələnməyən Balaşov zarafatyana tezliklə qayıdacağını cavab vermişdi.
Balaşov getmiş, Nastya da onun yolunu gözləməyə başlamışdı. Qızmar yay ötmüş, rütubətli, acı payız geridə qalmış, amma Balaşov geri dönməmişdi. Hövsələsiz intizar təlaş, məyusluq və utancla əvəzlənmişdi. Kənddə söz gəzirdi ki, Nastyanın nişanlısı onu aldadıb atıb. Amma Nastya deyilənlərə inanmırdı. O əmin idi ki, Balaşovun başına bir bədbəxt hadisə gəlib.