Orlando de Rudder
Alfred Nobel
Həyat ana təbiətin bizə bəxş etdiyi qeyri-adi hədiyyə, qiymətli daşdır. Biz bu daşı o qədər cilalamalıyıq ki, onun parıltısı yolumuza işıq salsın.
I FƏSİL
Beynimdə yaranan minlərlə ideyadan yalnız biri uğurlu alınırsa, məmnun qalıram.
Alfred Nobelin atası Emmanuel Nobel
1815-ci ildən etibarən Avropada ciddi dəyişikliklər baş verirdi. Fransada Napoleon dövrünün şan-şöhrəti arxada qalmış, qitədə yeni böhranlı dövr başlamışdı. Qanlı-qadalı müharibələrdən keçən İsveç də həmin vaxt yoxsulluq içində idi. Bircə dəniz vasitəsilə taxta-şalban ticarəti tədricən inkişaf edirdi. Bu da sonralar ölkəyə böyük faydalar gətirəcəkdi.
Kitabımızın qəhrəmanı Alfred Nobelin atası Emmanuel Nobelin uşaqlığı məhz belə bir çətin vaxta təsadüf edirdi. O, 1801-ci ildə İsveçin liman şəhəri Evledə anadan olmuşdu. Onun ana tərəfdən qohumları arasında bir neçə dənizçi var idi. Odur ki Emmanuel də özünü bu sahədə sınamağı qərara aldı. 1816-cı ildə, cəmi on beş yaşı olanda həmin dövrün ən yaxşı yelkənli gəmilərindən birinə matros düzəldi. Bu gəmilərdə sərt nizam-intizam hökm sürürdü, bu nizam-intizamı pozanları isə çox vaxt fiziki cəzalar, hətta işgəncələr gözləyirdi. Bütün bu çətinliklər gənc Emmanuelin formalaşmasında, polad iradəyə sahib olmasında böyük rol oynadı. Üstəlik, dəniz səyahətləri onun dünyagörüşünü əməllicə artırdı.
1830-cu ildə Fransada İyul inqilabı baş verdi. İnqilabda iştirak edən fəhlələr hakimiyyətdə olan Burbonlar sülaləsinin devrilməsinə, demokratik ideyaların genişlənməsinə nail oldular. İsveç Fransadan xeyli uzaqda olsa da, bu ölkədə baş verən inqilab paytaxt Stokholmdakı burjuaziyanın əl-qolunu işdən soyutdu. İndi onlar öz vətənlərində də inqilab olacağından qorxurdular.
Bu əndişə tezliklə özünü doğrultdu. Fransada baş verən hadisələr İsveçdə sosial mübarizəyə təkan verdi. Siyasi vəziyyət pisləşdi, inflyasiya və qıtlıq dolanışığı daha da ağırlaşdırdı. Aclıq başladı. 1838-ci ilin yayında isə ilk üsyan qalxdı. Həmin dövr tarixdə həm də Amerikaya kütləvi mühacirətlə yadda qalıb…
Belə bir vaxtda Emmanuel Nobel ölkəsinin iqtisadi həyatında fəal iştirak edirdi. O, körpülər tikməyə, bundan başqa, dəzgahlar və avadanlıqlar istehsal etməyə başlamışdı. Onun iti zəkası, daim nələrsə icad etmək həvəsi sonralar oğlu Alfredə «miras qalacaqdı». Dəzgahqayırma sahəsində fəaliyyəti dövri hərəkətin irəli hərəkətə çevrilməsini icad etməsinə imkan yaratdı. Emmanuel Nobel bu kəşfini 1828-ci ildə patentləşdirdi.