Читать онлайн «Çingiz xan»

Автор Yoanq Mişel

Mişel Yoanq

Çingiz xan

At belində dünyanı fəth etmək çox asandır. Çətin olan atdan enib dünyanı idarə etməkdir.

Çingiz xan

I FƏSİL

Cənazəni basdırmağa aparanlar yolda qarşılarına kim çıxsa, öldürürdülər ki, «get o dünyada öz hökmdarına xidmət elə!»

Onlar belə düşünürdülər… Hökmdarları öləndə onun ən yaxşı atlarını da öldürüb yanında basdırırdılar ki, o dünyada miniyi olsun. Adətləri belədir…

Marko Polo

Matəm alayı

Salnaməçilər təsdiq edir ki, böyük xan – Çingiz ov zamanı atdan yıxılır. Elə o yıxılan bir daha ayağa dura bilmir. 1247-ci ildə indiki Monqolustandan qayıdan italiyalı rahib, Monqol imperiyası torpaqlarına səyahət edən ilk avropalı kimi tarixə düşən Covanni Plano Karpini (1182–1252) Roma papası IV İnnokentiyə xəbər çatdırır ki, ulu xaqanı ildırım vurub. Bəziləri isə kənizlərindən birinin ona zəhər içirdiyini söyləyirdilər.

Bir sözlə, xanın ölümünün əsl səbəbi barədə indiyədək müxtəlif versiyalar mövcuddur; biz isə məhz ilk varianta üstünlük verəcəyik.

Ömrünün son aylarında ölümün yaxınlaşdığını duyan Çingiz xan – Temuçin ən etibarlı sərkərdələrini və ilk qadınından olan iki oğlunu yanına çağırır. Məqsədi axırıncı göstərişlərini vermək, vəsiyyətini çatdırmaq idi.

O zaman ulu xaqanın altmış beş yaşı vardı, hərçənd bəzi qaynaqlara görə, böyük xan daha yaşlı idi: 70-i haqlamış, saçı-saqqalı çoxdan ağarmışdı…

Böyük xan ölüm yatağında var gücünü toplayır, di gəl, yenə qalxa bilmir. Qədim bir atalar sözündə deyildiyi kimi: «Monqol ki öz atından ayrı düşdü, ölməkdən başqa nə çarəsi var?»

Göylərin hökmü ilə dünyanı fəth etmiş Çingiz xanı ölüm yavaş-yavaş aparırdı. Bu həmin vaxtlar idi ki, onun qurduğu imperatorluq artıq bütün yer üzünü sarmışdı.

Salnaməçilər də təsdiqləyirlər ki, «bu böyük ərazinin bir başından digər başına qədər birillik yol vardı».

Çingiz xan ölüm yatağında öncə öz nəhəng imperiyasını oğulları arasında böldü, sonra isə gələcək istila planlarını dəqiqliklə açıqladı. Salnaməçilər yazır ki, xan həmin vaxt yanında olan oğullarına və nəvələrinin hərəsinə bir ox verilməsini əmr edir. «Onu sındırın» – deyəndə hamısı əllərindəki oxu çox asanlıqla sındırır. Sonra xan oxları bir yerə dəstələyib dillənir: «İndi sındırın».

Heç kim bu bir qom oxu sındıra bilmir. Onda Çingiz xan öz törəmələrinə belə bir nəsihət verir: «Bu ox qoması kimi həmişə birgə olun ki, sizi heç vaxt təkləyib sındıra bilməsinlər».

…Ağı mərasimi bir neçə gün çəkdi. Sonra əsilzadələr, tayfa başçıları Çingiz xanın ilk qadını ağbirçək Börtənin yanına gələrək adət-ənənəyə uyğun şəkildə ona hörmət və ehtiramlarını bildirdilər. Bütün tayfa başçıları paytaxt Qaraqoruma gələnə qədər xeyli vaxt keçdi.

Ənənəyə uyğun olaraq Temuçin dağları duman bürüyən vaxt nəhəng bir ağacın dibində dəfn olundu.