Vera Smirnova-Rakitina
İbn Sİna
Ümidsiz xəstəlik yoxdur, ümidsiz həkim var.
Abdullah İbn Sina
Kovxalıq vəzifəsinin hörmət-izzəti çox olsa da, təhlükəli iş idi. Adama çoxlu rəqiblər, düşmənlər qazandırırdı. Hər an bu vəzifədə gözü olanların qəzəbi, hiyləsi ilə üzləşə bilərdin. Elə Abdullahın sələfi dayaz bir arxda sirli şəkildə boğulub öldürülməmişdimi? Üstəlik, hər il vergi toplanarkən söz-söhbətlər yaranır, narazılıqlar baş qaldırır, hətta bütün bunlar qanlı iğtişaşlara çevrilirdi. Odur ki kovxalıq vəzifəsini tutan şəxsdən həddən artıq ağıllı, igid və zirək olması tələb olunurdu. Xoşbəxtlikdən bütün bu xüsusiyyətlər Abdullahın xarakterinə xas idi. Bundan başqa, o öz dövrünə görə kifayət qədər savadlı şəxs sayılırdı. Müasirlərinin çoxu ilə müqayisədə yaxşı anlayırdı ki, başqalarının faciəsi və bədbəxtliyi üzərində qurulan xoşbəxtlik uzun sürə bilməz. Kovxalıq isə elə vəzifə idi ki, tez-tez camaatla üz-göz olmalı, əmrlərdən çıxanlara qarşı qəddar davranmalı idin. Məhz bu mənada Abdullah tutduğu vəzifədən elə də razı deyildi. Ona görə də Hərmaysandan Buxaraya köçmək arzusunda idi. Fikirləşirdi ki, bu qədim şəhərdə, dövrünün elm, mədəniyyət mərkəzlərindən birində özünə təkcə maddi cə-hətdən yox, həm də mənəvi baxımdan daha rahat bir iş tapa bilər.
Əslində, Abdullah çoxdan bu qərara gəlmişdi, lakin həm işləri yarımçıq qoymaq istəməmişdi, həm də Sitarə ilə evlənmədən Buxaraya köçməyə könlü razı deyildi. O, qızı ilk dəfə görüb vurulanda Sitarənin yaşı ailə qurmaq üçün az idi. Aradan illər keçmiş, artıq evlənməkdən ötrü Abdullahın qarşısında heç bir əngəl qalmamışdı.
Bu o dövr idi ki, Hərmaysan da daxil olmaqla böyük bir coğrafiyada Samanilər sülaləsi hökmranlıq edirdi. 875-ci ildə qurulan bu dövlətin ərazisi indiki Özbəkistan da daxil olmaqla Orta Asiyadan müasir İranın şərqinədək uzanırdı. Samanilər dövləti öz adını xanədanın banisi Saman Xudadan götürmüşdü.
Abdullah ibn Sinanın Hərmaysanda işlədiyi vaxtlarda – 970-ci illərdə Buxara Mavəraünnəhrin paytaxtı idi. Orta Asiyanın ən münbit ərazisi olan Mavəraünnəhr iki çay arasında yerləşirdi (elə ərəbcədən tərcümədə də adının mənası «iki çay arası» deməkdir – red. ) Onlardan biri Amudərya, digəri isə Sırdərya çayı idi. Bügünkü İran ərazisinin bir parçası olan Xorasan, eləcə də Xarəzm (hazırkı Qaraqalpaq Muxtar Vilayəti) də bu dövlətin tərkibinə daxil idi.
IX əsrdən etibarən Mavəraünnəhr Samanilər sülaləsi tərəfindən idarə edilməyə başladı. Belə ki, Yaxın və Orta Şərqin ərəblər tərəfindən işğalından sonra xəlifə Samaniləri Mavəraünnəhr və Xorasanda öz nümayəndələri təyin etmişdi. IX əsrin sonu – X əsrin əvvəllərində həmin sülalə üzvlərindən biri İsmayıl Samani ərəblərə qarşı çıxdı. O, yerli əhalini xilafətə qarşı mübarizəyə qaldırdı. Məqsədi ərəb işğalı və tayfa davaları nəticəsində parçalanan ölkəni birləşdirmək, Mavəraünnəhrdə güclü dövlət yaratmaq idi. Bu dövlət xəlifənin hakimiyyətini qəbul etməyəcək, onu müsəlman aləminin ruhani rəhbəri kimi tanımaqla kifayətlənəcəkdi.