Corc Oruell
Kataloniyanı Xatırlarkən
TANIMADIĞIMIZ CORC ORUELL
Görkəmli ingilis yazıçısı Erik Artur Blerin (Corc Oruell) dünya miqyasında bestsellerə çevrilmiş “1984” romanı və “Heyvanıstan” povestini oxuyanlar diqqətlərinə təqdim edilən bu əsərlə tanışlıq zamanı tamamilə fərqli Oruellə rastlaşacaqlar.
O, artıq sadəcə hüdudsuz fantaziyasının köməyi ilə biri-birindən ağlagəlməz səhnələr rəsm edən yazıçı deyil, həm də hərbi jurnalistdir, filosof və esseistdir, ən yeni dövrün tarixçisidir. O, yüksək publisistika nümunəsinin yaradıcısıdır, sərt həqiqətləri sənətin qadir dili ilə ifadə etməyi bacaran ustaddır. Həqiqətin gözünə dik baxan, onu rəssam dəqiqliyi ilə canlandıran amansız realistdir.
Qlobal miqyaslı antiutopiyalar müəllifi bu dəfə sizin qarşınıza konkret ölkədə tarixin bəlli bir dövrünün ilk baxışdan hətta darıxdırıcı görünə bilən təsvirçisi kimi çıxacaq. İştirakçılarından olduğu 1936-1937-ci illər ispan vətəndaş müharibəsinin dəhşətlərini yalnız Oruell miqyaslı yazıçıların görə və göstərə biləcəyi tərzdə təqdim edəcək.
Tamam fərqli Oruellin qələmindən çıxan bu əsər onun sonrakı yaradıcılığı ilə dissonans təşkil edirmi? Əminliklə demək olar: Yox!
Əslinə baxsan fərdi yaradıcılıq şöhrətinin zirvəsinə -“1984” antiutopiyasına və ondan az məşhur olnayan “Heyvanıstan” povestinə gedən yol müəllifin sənədli roman kimi təqdim etdiyi, tarixi esseistika ilə belletristikanın üzvi şəkildə birləşdiyi “Kataloniyanı xatırlarkən” əsərindən başlanmışdı.
Corc Oruell özü bu barədə deyirdi: “İspan müharibəsi və 1936-1937-ci illərin digər hadisələri gündəlik yaşamımdakı tarazlığı pozdu. Həmin vaxtdan mən artıq həyatdakı yerimin harada olduğunu bilirdim. 1936-cı ildən başlayaraq yazdığım hər ciddi sətir totalitarizmə qarşı mübarizə ilə birbaşa, yaxud dolayı yolla bağlı idi”.
Həmin mübarizənin mənbəyində isə “Kataloniyanı xatırlarkən” sənədli romanı dayanırdı.Totalitar təfəkkürün və idarəçilik sisteminin ən sərt, barışmaz opponentlərindən biri kimi tanınan Corc Oruelli ispan kommunistləri ilə ispan frankistləri arasındakı qanlı savaşa qoşulmağa cəlb edən nə idi? Axı kütlə psixologiyasına əsaslanan faşizm də kommunizmin astar üzü idi.
Amma məsələ buradadır ki, Oruell gənclik illərindən kommunist ideyaları ilə yaxından maraqlanmışdı. Hətta ingilis xüsusi xidmət orqanı- Skotland Yard 1929-cu ildən etibarən onu əsərləri və şəxsi fəaliyyəti ilə kommunizm təbliğ edən yazıçı kimi daim diqqətdə saxlamışdı. Oruell həqiqətən də yer üzündə sosial ədalət cəmiyyəti qurulma-sını arzulayırdı. Hətta bu arzunun gerçəkləşməsi yolunda qaydasız döyüşün aparıldığı ispan müharibəsində həyatını riskə atmaqdan da çəkinməmişdi. SSRİ-yə və sovet rejiminə barışmaz nifrətinin kökündə isə bir zamanlar insanlara nicat yolu kimi görünən kommunist düşüncənin bu ölkədə ifrat şəkildə bayağılaşdırılması, eybəcərləşdirilməsi, kommunist azlığın mütləq çoxluq üzərində əxlaq və mənəviyyat prinsiplərinə uymayan hakimiyyətinin bərqərar olması idi.
Amma bu görüş bucağı, prinsipial yanaşma tərzi daha aydın şəkildə 1940-cı illərdə meydana çıxacaqdı.