Читать онлайн «Minima Moralia»

Автор Теодор Адорно

Theodor W. Adorno

Minima Moralia

Zədələnmiş yaşam haqqında düşüncələr

Maks üçün,

Təşəkkür edərək və vəd verərək

BIRINCI HISSƏ

1944

Yaşam yaşamır

(Ferdinand Kürnberger)

1

Marsel Prust üçün – İstedad, yaxud zəiflikləri ucbatından sənətçi, yaxud mütəfəkkir olaraq “intellektual” fəaliyyətlərə baş vuran varlı ailə uşaqları tezliklə anlayırlar ki, həmkar adlandırdıqları şəxslərlə yola getmək heç də asan deyil. Məsələ təkcə onların müstəqilliklərinin qısqanılması, niyyətlərinin ciddiliyindən şübhələnilməsi, yaxud da hakim güclərin gizli nümayəndələri kimi görünmələrində deyil. Bu cür şübhələr dərinköklü hiddəti əks etdirsə də, çox vaxt haqlı çıxır, lakin gerçək müqavimətin qaynağı başqa yerdədir. Günümüzdə zehni mövzularla məşğulluğun özü belə “praktik”ləşib, ciddi iş bölgüsü, departamentləri və giriş məhdudiyyətləri olan ticari bir fəaliyyət halına gəlib. Pul qazanmağın gətirdiyi alçalmadan iyrəndiyi üçün intellektual fəaliyyəti seçən varlı ailə uşağı isə zehni fəaliyyətin bu cür ticariləşməsi gerçəyi ilə heç cür barışmır və buna görə də cəzalandırılır: “Peşəkar” olmadığı üçün, öz işini nə qədər yaxşı bilsə də, rəqabətçi iyerarxiyada onu həvəskarlar sinfinə yerləşdirəcəklər və əgər karyerada yüksəlmək istəsə, ən qatı mütəxəssislərdən daha qətiyyətlə parlamaq, öz sahəsinin içinə daha çox həbs olunmaq məcburiyyətindədir. Varlı ailə uşaqlarına qarşı ən çox qəzəb oyandıran şey maliyyə durumlarının yaxşı olması ilə əlaqədar müəyyən həddə qədər gerçəkləşdirə bildikləri iş bölgüsünü arxa plana atmaq istəkləridir. Bu istək cəmiyyətin ona dayadığı işləmləri yerinə yetirməyə çox da könüllü olmadığının sübutudur. Avtoritar yetərlilik anlayışı isə bu cür qəribə davranışlara qarşı çox amansızdır. Düşüncə mütləq departamentləşdirilməlidir. Və düşüncənin departamentləşdirilməsi rəsmi bir sözləşməyə bağlı qalmadan mövcud olan zehni fəaliyyətin aradan qaldırılmasıdır. Bunu həyata keçirmək çox da çətin deyil, çünki gördüyü işdən zövq alaraq belə iş bölgüsünü inkar etmiş şəxs bu işin standartları nöqteyi-nəzərindən bəzi boşluqlar buraxacaqdır – öz üstünlüyü ilə əlaqəsi olmayan boşluqlar. Beləcə, sistem də davam etdirilmiş olur:bəziləri başqa cür yaşaya bilməyəcəkləri üçün oyuna qatılmağa məcbur qalırlar, başqa cür yaşamağı bacaranlar isə oyuna qatılmaq istəmədikləri üçün kənarda saxlanılırlar. Müstəqil maariflənmənin tərk etdiyi sinif özünün tələblərini qaçaqların sığındığı sahənin içindən irəli sürərək intiqamını alır.

2

Gül-çiçəkli təpəcik (1) – Valideynlərimizlə münasibətlərimiz ağır böhran içərisindədir. İqtisadi gücsüzlük bir vaxtlar sahib olduqları heybətli, qorxuducu avtoritarizmi onların əlindən alıb. Bizə zorla qəbul etdirməyə çalışdıqları reallıq prinsipinə (2), asan təslim olmayanlar qarşısında dərhal qəzəbə çevrilən ciddilik və ayıqlığa üsyan etmişdik. İndiysə gənc olduğunu iddia edən, amma bütün reaksiyalarında qocalardan daha müdrik, daha qartımış bir nəsil görürük qarşımızda – qaşqabaqlı, avtoritar, dayanıqlı gücünü heç bir toqquşmaya girmədən öz iradəsi ilə təslim olmağından alan bir nəsil.

Bəlkə, tarixin hər dövründə insanların hiss etdiyi bir şeydir: atalar nəslinin fiziki gücü azaldıqca onların hakimiyyəti də aşınıb gücsüzləşir, eyni zamanda, cavan nəsil də özlərindən daha cavan nəslin nəfəsini kürəklərində hiss etməyə başlayır. Düşmənçilik ziddiyyətləri ilə bölünmüş bir cəmiyyətdə nəsillər arasındakı münasibət dibdəki zorakı gücün varlığını gizlədə bilməyən rəqabət münasibətidir. Günümüzdə bu proses Edipin çaşqınlığından qaynaqlanan yox, qəsdən ata qatilliyini şərtləndirən modelə tərəf istiqamətlənməkdədir. Nasistlərin simvolik qəddarlıqlarından birində xeyli qoca öldürülmüşdü. Belə bir mühit valideynlərimizlə aramızda gecikmiş, ancaq aldanışdan uzaq qarşılıqlı anlayışın yaranmasına şərait yaradır – eynilə məhkumlar arasında olan anlayış kimi. Bu gecikmiş anlayışı kölgələyən yeganə şey keçmişdə, hələ də müəyyən qədər güclü olduqları dövrdə bizə etdikləri köməyin, göstərdikləri şəfqətin oxşarını indi özümüz də gücsüz olduğumuz üçün onlara göstərə bilməyəcəyimiz hissi qarşısında qorxuya düşməyimizdir. Onlara tətbiq olunan zorakılıq onların bizə tətbiq etdikləri zorakılığı unutmağımıza səbəb olur. Əl atdıqları rasionallıqlar, şəxsi mənfəətlərini ümumi mənfəət kimi təmizə çıxarmaq üçün dedikləri yalanlar belə onlarda həqiqətə çatmaq istəyən meyillənmə olduğunu, hər cür şübhəyə qarşı aşılanmış uşaqlarının könül rahatlığı ilə inkar etdiyi ziddiyyəti açmağa çalışdıqlarını göstərir. Yaşlı nəslin çürümüş, əsassız, nüfuzsuz düşüncələri belə sonrakıların parıltılı axmaqlığından daha faydalı müzakirə mühiti təqdim edir bizə. Qocalarımızın nevrotik qəribəlikləri, mənəvi şikəstlikləri belə bu xəstə sağlamlıqla, qayda halına gətirilmiş uşaqyanalıqla müqayisə edildikdə möhkəm xarakterlilik, humanist cəhdlər nəticəsində qazanılmış xüsusiyyət olaraq görsənir. Bax onda dəhşətlə anlayırıq: əvvəllər dünyanı təmsil etdiyi üçün ailəmizlə toqquşarkən, əsasən, şər bir dünyaya qarşı daha şər dünyanın nümayəndəliyini edirmişik. Burjua ailəsini aşmağa istiqamətlənən apolitik cəhdlər əksərən onun da daha çox qol-qanad açmasına şərait yaradır; bəzən də cəmiyyətin lənətlənmiş çoxalma hüceyrəsi olan ailə eyni vaxtda fərqli bir cəmiyyətə çatmaq üçün göstəriləcək ən əzmli cəhdlərin ən bəsləyici hüceyrəsi kimi görsənir. Ailə tarixə çevrilməkdədir, ancaq sistem mövcudluğunu qoruyarkən ailə ilə birgə sistemin ən təsirli orqanı yox, fərdi təzyiq altında saxlasa belə, onu gücləndirən, hətta bəlkə onu yaradan müqavimət də itirilir. Ailənin süqutu müxaliflik güclərini də iflic edir. İnkişaf edən kollektivist sistem sinifsiz bir cəmiyyətin karikaturasıdır. O, burjuaziya ilə birgə bir vaxtlar ana sevgisindən güc alan Utopiyanı da yoxa çıxarmaqdadır.