Читать онлайн «Kopenhagen trilogiyası»

Автор Тове Дитлевсен

Tove Ditlevsen

Kopenhagen trilogiyası

UŞAQLIQ

I BÖLÜM

Səhər ümid vardı. Ümid anamın toxunmağa heç zaman cəsarət etmədiyim qara, hamar saçında keçici parıltı kimi idi; ümid şəkər qatıb sıyıq yeyən dilimdə idi, həmin ərəfədə anamın hərəkətsiz dayanan, İspan qripindən və Versal müqaviləsindən bəhs edən qəzet səhifəsi üzərinə qoyulan arıq əllərinə baxırdım. Atam işə çıxıb getmişdi, qardaşım isə dərsdə idi. Baxmayaraq ki, mən orada idim, anam yenə də tək idi. Əgər mən tamamilə sakit olub bir kəlmə də danışmasaydım, onun anlaşılmaz ürəyindəki uzaq sakitlik səhərdən xeyli keçənə, adi evdar qadınlar kimi durub bazarlıq etmək üçün İsteqada küçəsinə gedənə kimi davam edəcəkdi.

Günəş sanki içindən keçirmiş kimi qaraçı faytonu üzərində doğmaqda idi. Skabi Hans sinəsi açıq, əlində əlüzyuyan çölə çıxdı. Su töküb yuyunduğunda əlini uzadıb Gözəl Lilinin ona verdiyi dəsmalı götürdü. Onlar bir-birinə bir söz belə demədilər. Kənardan səhifələri tez-tez çevrilən şəkilli kitaba bənzəyirdilər. Anam kimi onlar da bir neçə saatın içində dəyişə bilirdi. Skabi Hans Xilaskar Ordunun əsgəri, Gözəl Lili isə onun sevgilisi idi.

Yay vaxtı onlar bir dəstə uşağı yaşıl faytona doldurur və birlikdə kəndə gedərdilər. Valideynləri buna görə onlara günə bir kron ödəyərdi. Mənim üç yaşım, qardaşımın isə yeddi yaşı olanda ora getmişdik. İndi mənim beş yaşım vardı və həmin səfərdən yadımda qalan yeganə şey Gözəl Lilinin bir gün məni faytondan itələyib çölə – isti qumun üzərinə atması olmuşdu. Sonra həmin yaşıl fayton məndən uzaqlaşdı və getdikcə balacalaşdı, faytonun içində isə bir də heç zaman görməyəcəyim qardaşım və anam oturmuşdu. Uşaqlar geri qayıtdıqlarında qotur tutmuşdular.

Qotur Hans ləqəbini də məhz belə almışdı. Gözəl Lili isə əslində heç gözəl deyildi. Fəqət rahat buraxdığım qəribə və xoşbəxt günlərində anam gözəl görünürdü. O gözəl, toxunulmaz, tənha idi və heç zaman öyrənməyəcəyim sirli düşüncələrlə dolu idi.

Onun arxasında güllü divar kağızına atam qəhvəyi yapışqan lentlə cır-cındır yapışdırmışdı. Bundan əlavə, divardan pəncərədən bayıra tamaşa edən bir qadın şəkli də asılmışdı. Qadının arxasındakı döşəmədə içində balaca uşaq olan beşik vardı. Şəklin altında belə yazılmışdı: ərinin dənizdən evə gəlməsini gözləyən qadın. Bəzən olurdu ki, çox təsirli və qəmgin hesab etdiyim şəklə nəzər yetirərkən baxışlarım anamın diqqətindən yayınmırdı. Bu zaman anam qəhqəhə çəkib gülərdi və onda bu gülüş səsi mənə elə təsir bağışlayardı ki, minlərlə kağız çantanı hava ilə doldurub hamısını birdən partladıblar. Ürəyim nigaran halda qəm-qüssə ilə döyünürdü, çünki dünyanın sakitliyi həmin anda pozulmuş olurdu. Amma mən də ona qoşulub gülürdüm, çünki bunu məndən anam gözləyirdi. Stulu bir kənara itələdi, ayağa qalxdı, gəlib qırışmış xalatı ilə əllərini ombasına qoyub şəklin qarşısında dayandı. Sonra həmin səhər baqqaldakı şeylərin qiymətləri ilə bağlı mübahisə etdiyi səsindən tamam fərqli üsyankar bir səslə oxumağa başladı:

Oxuya bilmərəmArzuladığım hər şeyi öz Tullem üçün?Visselulle, viselulle, viselulle. Pəncərəmdən uzağa get, əziz dostBaşqa vaxt geri dönərsən. Şaxta və soyuq özü iləKöhnə dilənçini yenidən evə gətirib.