Edqar Allan Po
Qızıl böcək
detektiv hekayələr
Qızıl böcək
“Heç kəs haqlı deyil”
Uzun illər qabaq Vilyam Leqran adlı bir insanla yaxından tanış olmuşdum. O, köklü hugenot1 ailəsində doğulmuş, əvvəllər varlı olmuş, amma sonradan bir-birinin ardınca gələn bədbəxtliklər ucbatından dilənçi gününə düşmüşdü. Zənginliyi itirməyi ilə bağlı təhqirlərdən qaçmaq üçün nəsil-kök şəhəri olan Yeni Orleanı tərk etmiş və Cənubi Karolinanın Çarlstonuna yaxın yerləşən Sellivan adasında məskunlaşmışdı.
Ora çox qədim adadır. Uzunluğu təxminən üç mil olan bu adanın torpağı xalis dəniz qumundandır. Eni də dörd mildən çox olmazdı. Ora materikdən qarabatdaqların sığınacağı olan sıx qamış və lehim arasından çətinliklə suyun keçdiyi boğazla ayrılırdı. Adada ağac az idi və çətin bitirdilər. Əməlli-başlı ağaca, ümumiyyətlə, rast gələ bilməzdin. Adanın Çarlstonun səs-küy və toz-torpağından canını qurtarıb, yay tətilini keçirən şəhər sakinlərilə dolub-daşan, Moultri limanı və bir neçə daxmanın yerləşdiyi qərb küncündə xırda, tikanlı palmaları görmək olardı. Dəniz kənarının qaya kimi möhkəm qum daşlarıyla dolu olan bu kiçik qərb hissəsini nəzərə almasaq, qalan yerləri ingilis bağçılıq mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən ətirli mərsin kollarıyla örtülü idi. Bu kollar on beş-iyirmi futdan yüksəyə nadir hallarda qalxır və az qala, ağır rayihəsindən yaranan boğuq hava ucbatından keçilməz cəngəllik kimi görünürdü.
Leqran adanın materikə ən uzaq yerində – şərq hissəsindəki mərsin kolluqlarının dərinliyində özünə kiçik bir daxma qaraltmış, elə oradaca yaşayırdı. Mən onunla həmin yerdə təsadüfən tanış oldum. Tanışlıq tezliklə dostluğa çevrildi. Bu tərki-dünya adamın xasiyyəti çox cəhətiylə maraq və hörmətə layiq idi. Gördüm ki, o, əla təhsilli və qeyri-adi bacarıqlara sahib olsa da, mizantropiya və əqli çatışmazlıqdan əziyyət çəkir: gah vəcdə gəlir, gah da qaşqabağını tökürdü.
Leqranın çoxlu kitabı vardı, amma nadir halda onlara müraciət edirdi. O, ova çıxmağı və balıq tutmağı, sahildəki qumluq və mərsinlikdə dolaşıb, balıqqulağı və həşərat axtarmağı sevirdi. Onun həşəratlar kolleksiyasına Svammerdam2 belə həsəd aparardı. Bu gəzintilərdə onu, əsasən, qoca zənci Yupiter müşayiət edirdi. Bu zənci hələ ailənin iflasından qabaq azadlığa buraxılmışdı, amma nə hədə-qorxu, nə də vədlərlə Yupiteri, özü demişkən, “Böyük Vill”in ayrılmaz hissəsi olmaqdan qurtulduğuna inandıra bilməzdin. Həm də, yəqin ki, Leqranın qohumları onun psixi çatışmazlığından narahat olduqları və qaçağın qayğısına qalmaq üçün Yupiterin bu qərarını dəstəkləyirdilər.Sellivan enliyində yerləşən adalarda qışda nadir hallarda rütubət olur, payız aylarında isə, demək olar, heç vaxt evlərdə soba yanmır. Hərçənd, 18…-ci ilin oktyabrının ortalarında gün gözlənilmədən soyuq keçdi. Günəş batmağa hazırlaşanda artıq neçə həftədir görmədiyim dostumun daxmasının həmişəyaşıl kollarının arasındaydım. Mən adadan doqquz mil uzaqda yerləşən Çarlstonda yaşadığıma görə, gəldiyimi xəbər vermək indiki kimi asan deyildi. Daxmaya çatar-çatmaz həmişəki kimi qapını döydüm və cavab gəlmədiyini görəndə gizli yerdəki açarı axtarıb tapdım, qapını açıb içəri keçdim. Buxarıda xəfif alov yanırdı. Bu, gözlənilməz olsa da, tam yerinə düşmüşdü. Paltomu çıxardım, kreslonu asta-asta şölələnən alova yaxın çəkdim və oturub səbirlə ev sahiblərinin gəlişini gözləməyə başladım.