Читать онлайн «Mari Rojenin sirri»

Автор По Эдгар Аллан

Edqar Allan Po

Mari Rojenin sirri

detektiv hekayələr

Mari Rojenin sirri

Qeyd:

“Mari Roje” ilk dəfə qeydlərsiz çap olunub, çünki onda buna gərək yox idi. Hərçənd, bu hekayənin əsasını təşkil edən faciənin üstündən illər keçib, ona görə də qeydlərə və məsələnin məğzini izah edən girişə ehtiyac duyulur. Nyu-York ətrafında Mari Sesiliya Rocers adlı gənc qız öldürülmüşdü, qətlin səs-küy yaratmasına və uzun müddət ictimaiyyətin diqqət mərkəzində qalmasına baxmayaraq, əsil hekayəsinin yazılması və çap olunmasına qədər (1842, noyabr) heç kim hadisənin sirrini aça bilməmişdi. Müəllif bu gözəl fransız qızının taleyini təsvir edəndə məlum olan cüzi detallarla paralellər apararaq əslində Mari Rocersin qətlinin təfərrüatlarını tamamilə dəqiq göstərmişdi.

“Mari Rojenin sirri” bu dəhşətli qətlin törədildiyi yerdən çox-çox uzaqlarda yazılmışdı və hadisəni araşdıran müəllif yalnız qəzetlərdəki məlumatlara istinad edə bilərdi. Nəticədə çoxusu ondan üz döndərdi ki, əgər hadisə yerində şəxsən olmayıbsa, bu halda bəzi nüansları necə belə dəqiq təsvir edə bilib. O cümlədən, hekayənin nəşrindən uzun müddət keçəndən sonra iki şəxsin (onlardan biri əsərdə madam Dülük olaraq verilib) bir-birindən xəbərsiz etdiyi etiraflar nəinki ümumi nəticəni, eləcə də bunu yaradan bütün əsas fərziyyələrin tamamilə dəqiq olduğunu təsdiqləyirdi.

“Gerçək hadisələrə paralel olaraq onların qüsursuz ardıcıllığı da var. Bunlar həmişə tamamilə üst-üstə düşmür. İnsanlar və şərait adətən hadisələrin ideal zəncirini dəyişir. Bu səbəbdən o qüsurlu, ardıcıllığı isə natamam görünür. Reformasiyada da belə olmuşdu – protestantlığın yerinə lüretanizm meydana gəlmişdi.

Novalis, “Əxlaqa baxış”.

Hətta ən ağıllı insan da ən azı bir dəfə anlaşılmaz həyəcan içində fövqəl-təbiiliyə inanmaq məcburiyyətində qalaraq, beyninin bunun sadəcə hadisə oyunu olduğu fikrini rədd etdiyi heyrətamiz təsadüflə qarşılaşıb. Bu cür təəssüratları (bəhs etdiyim anlaşılmaz inanc heç vaxt bir fikrə çevrilə bilmir) təsadüf doktrinasından (xüsusi addan istifadə edirik) qaçmaq və ya ehtimal nəzəriyyəsindən yayınmaq kimi nadir hallarda yatıra bilirsən. Axı bu nəzəriyyə məğzinə görə sırf riyazidir: beləliklə də ortada paradoks yaranır – elmin bizə verdiyi xeyli ciddi və dəqiq anlamlara zehni fərziyyələr sahəsində yetişə bilmədiyimiz kölgə və kabuslar əlavə olunur.

İndi açıqlayacağım xronoloji ardıcıllıqla alınan bu inanılmaz məlumatlar ilk növbədə qeyri-adi təsadüflərə uyğun gəlir, sonra isə bütün oxucular, şübhəsiz ki, bu yaxınlarda Nyu-Yorkda baş vermiş Mari Sesiliya Rocersin qətli barədə öyrənəcəklər.

Bir il qabaq “Morq küçəsində qətl” adlandırılmış yazıda dostum Ogüst Düpenin diqqətəlayiq məxsusi düşüncələrini yazmağa cəhd eləyəndə yenidən bu mövzuya qayıdacağım heç ağlıma da gəlməzdi. Məqsədim məhz bunu təsvir etmək idi və bu təsvirlər Düpenin xüsusi istedadını aşkara çıxara bilən qəribə hadisələr zənciri haqqındakı hekayədə öz əksini tapmışdı. Mən başqa misallar da çəkə bilərdim, amma onlar artıq sübut olunmuş faktlardan başqa heç nə göstərmir. Hərçənd, bu yaxınlarda baş vermiş hadisələrin qəribə döngəsi bir sıra məcburi etiraflarla üstünü örtə biləcəyimiz yeni təfərrüatlar kəşf etməyimə səbəb oldu. Əgər bu yaxınlarda eşitdiklərim olmasaydı, bəlkə də, əvvəllər eşidib gördüklərim haqda hələ də susmağım qəribə görünərdi.