Jül Vern
20000 lyö su alti ilə
© Altun kitab MMC – 2019
Birinci hissə
Hərəkət edən qaya
1866-cı il unudulmayan izaholunmaz hadisələrlə yadda qalmışdı. Şayiələr sahil şəhərlərini narahat etmiş, hətta dənizçilər arasında həyəcan toxumu səpmişdi. Tacirlər, gəmi sahibləri, kapitanlar, hərbi dənizçilər, yerli hökumət bu hadisədən təşvişə düşmüşdü.
Söhbət ondan gedirdi ki, gəmilər açıq dənizdə uzunluğuna və hərəkət sürətinə görə balinadan üstün olan, ətrafa parlaq işıq saçan iynəyəbənzər, qəribə bir varlığa rast gəlirdilər.
Bu sirli varlığın eşidilməmiş sürəti və gücü, onun davranış xüsusiyyətləri barədə təsvirlər bir-birinə bənzəyirdi. Gözü ilə görənlərin sözlərinə əsasən, uzunluğu iki yüz ingilis futuna bərabər sayıla bilərdi. Əgər bu, heyvan idisə, onda elmə məlum olan bütün heyvanlardan iri və güclü idi.
Şayiələrin sonsuz bir həyəcan doğurması təbii idi. Axı insanların müəmmalı hadisələrə qapılmaq meyli var.
…20 iyulda “Qubernator Hinginson” gəmisi Avstraliyanın şərq sahillərində hərəkət edən bir qayaya rast gəlmişdi. Kapitan Bekker dənizdə yeni bir qaya tapdığını zənn etmiş və onun coğrafi koordinatlarını təyin etmək istəyirmiş ki, birdən həmin “qayanın” içərisindən iki su sütunu fışıltı ilə püskürərək iki yüz əlli futa qədər yuxarı qalxmışdı. Əgər bu, sualtı qeyzer deyildisə, deməli, burun dəliklərindən yuxarıya buxar qarışıq su püskürən dəniz məməlisi imiş.
23 iyulda isə “Xristofor Kolumb” gəmisi də həmin naməlum varlığı görə bilmişdi.
On beş gün sonra Atlantik okeanında rastlaşan “Helvesiya” və “Hanaan” gəmiləri də bu nəhəngə rast gəlmişdilər. Hər iki gəminin kapitanları bu məməlinin uzunluğunun üç yüz əlli ingilis futuna çatdığını iddia edirdilər. Halbuki Aleut adaları ətrafında rast gəlinən balinaların ən böyüyü yüz on beş futdan uzun olmur.
Bəzi ölkələrdə bu xəbərlərə gülürdülər. Lakin bu məsələ İngiltərə, Almaniya və Amerika hökumətlərinin ciddi marağına səbəb olmuşdu.
Alimlər arasında bu məsələyə inananlar da vardı, inanmayanlar da. Bu naməlum varlıq haqqında olan mülahizələr qızğın mübahisələrə səbəb olmuşdu. Nəhəngin müəmması bütün zehinləri məşğul edirdi. Mübahisələrdə gah bir, gah da digər tərəf uğur qazanırdı.
1867-ci ilin ilk aylarında bu məsələ ətrafında olan söz-söhbət və mübahisə nisbətən səngiməyə başlamışdı. Lakin gözlənilmədən ortaya yeni faktlar çıxmağa başladı. Söhbət olduqca ciddi bir təhlükədən gedirdi.
Əgər üç həftədən sonra buna bənzər bir hadisə yeni şəraitdə təkrarlanmasaydı, yəqin ki, “Moraviya”nın başına gələnlər tezliklə unudulacaqdı. Bu dəfə qəzaya uğrayan “Şotlandiya” ingilis gəmisi idi.
“Şotlandiya” gəmisi aprelin 13-də sakit və dalğasız sularda üzərkən qəflətən sağ tərəfdən almış olduğu zərbədən sarsılmış, bunun nəticəsində gəminin anbarında iki metr enində deşik əmələ gəlmişdi. Xoşbəxtlikdən, deşik maşın hissəsində deyildi. “Şotlandiya” yarıya qədər suya oturmuş halda üç gün gecikmə ilə özünü limana çatdıra bilmişdi.